Putinin kompensasiya ilə bağlı səsləndirdiyi fikirlər müsbət addımdır - DEPUTAT
“Ötən ilin dekabrında AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra Kremlin addımları hadisələrə adekvat deyildi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında keçirilən görüşü şərh edərkən deyib.
O xatırladıb ki, qəzadan sonra Rusiya bu hadisəni gizlətməyə, daha sonra isə üzərindən atmağa çalışdı:
“Lakin bu, düzgün yanaşma deyildi. Görüşdə Putinin kompensasiya ilə bağlı səsləndirdiyi fikirləri müsbət addım kimi qəbul etmək olar. Rusiya böyük və qonşu dövlətdir. Ölkələr arasında düşmənçilik nə onlara, nə də bizə sərf edir. Əməkdaşlıq etməliyik. Lakin rəsmi Moskvanın son aylarda Rusiyada yaşayan soydaşlarımıza qarşı etdikləri qəbuledilməzdir. Həmçinin, hazırda həm Şimal-Cənub, həm də Zəngəzur dəhlizi ilə bağlı məsələlər var ki, həllini gözləyir. Biz bu yöndə də əməkdaşlıqları davam etdirməliyik. Ancaq Rusiyanın addımlarına uyğun da cavabımızı verməliyik. Bütün hallarda isə əməkdaşlıq və dialoq vacibdir. Məsələyə bu kontekstdən yanaşdıqda, görüş baş tutmalı və bir çox məsələyə aydınlıq gəlməli idi. Belə təmaslar olmadıqda isə üçüncü qüvvələr yaranmış soyuqluqdan öz məqsədləri üçün istifadə edə bilərlər”.
Məlik Məlikov