Putinin mayın 20-dəki Çin səfəri: Kreml Qərbin sanksiya zəncirini qıra biləcək?
“Trampdan sonra Putinin Çin səfəri Pekinin dünyaya mesajıdır.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı bildirib.
Politoloq ABŞ prezidenti Donald Trampın ardınca Rusiya lideri Vladimir Putinin Çinə reallaşacaq səfərini şərh edib:
“ABŞ Prezidenti Donald Trampın Pekinə səfərindən dərhal sonra Rusiya Prezidenti Vladimir Putinin Çinə planlaşdırılan səfəri qlobal geosiyasi baxımdan son dərəcə mühüm hadisədir. Bu səfər artıq təkcə Moskva–Pekin münasibətlərində növbəti mərhələ deyil, həm də yeni dünya düzəninin formalaşması uğrunda gedən böyük geosiyasi savaşın tərkib hissəsidir.
“South China Morning Post” qəzetinin yazdığına görə, Putinin mayın 20-də Çinə səfəri nəzərdə tutulur. Bu səfərin Tramp–Si Cinpin görüşündən dərhal sonraya təsadüf etməsi xüsusi diqqət çəkir. Əslində Pekin bununla dünyaya mühüm bir mesaj verir: Çin həm Vaşinqton, həm də Moskva ilə paralel şəkildə işləməyə, qlobal balans siyasətini qorumağa qadirdir.
Bu, Çinin yeni qlobal strategiyasının əsas elementidir. Pekin anlayır ki, ABŞ-la tam qarşıdurma dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Digər tərəfdən, Rusiyanı itirmək Avrasiyadakı balansı zəiflədər, Qərb blokunun tam təcrid siyasəti isə Çinin özü üçün də strateji təhlükəyə çevrilə bilər.”
Politoloq qeyd edib ki, Çin lideri hər iki supergücü eyni ayda qəbul etməklə dünyadakı dominant mövqeyini sübut etməyə çalışır:
“Məhz həm Trampı, həm də Putini eyni ayda qəbul etməklə Çin özünü çoxqütblü dünyanın əsas geosiyasi mərkəzi kimi təqdim edir.
Putinin səfər proqramının əsas gündəliyi olduqca genişdir: Rusiya–Ukrayna müharibəsi, Qərb sanksiyalarının təsirləri, Moskvanın iqtisadi çıxış yolları, enerji əməkdaşlığı, Çinin dəstəyi ilə yaradılacaq yeni maliyyə və logistika mexanizmləri, Avrasiya geosiyasəti, İran və Yaxın Şərqdəki mövcud vəziyyət, həmçinin ABŞ–Çin münasibətlərinin nəticələri və çoxqütblü dünya modelinin gələcəyi.
Hazırda Pekin Moskva üçün sadəcə tərəfdaş deyil, Rusiyanın iqtisadi “nəfəs borusudur”. Qərb sanksiyalarının ağır təsiri fonunda Rusiya enerji ixracını böyük ölçüdə Çinə yönəldib, maliyyə əməliyyatlarında yuanın rolunu artırıb, texnologiya və logistika baxımından Pekindən asılı vəziyyətə düşüb. Beləliklə, Moskva Qərbin iqtisadi təzyiqlərini Çin vasitəsilə kompensasiya etməyə çalışır.
Bu baxımdan “Sibir Gücü-2” layihəsi xüsusi strateji əhəmiyyət daşıyır. Putinin vaxtilə səsləndirdiyi “Bu, xeyriyyəçilik sövdələşməsi deyil, qarşılıqlı faydalı bazar razılaşmasıdır”fikri əslində Rusiya Çindən asılı vəziyyətə düşür iddialarına qarşı bir cavab idi. Lakin reallıq ondan ibarətdir ki, hazırkı mərhələdə Çin danışıqlarda daha üstün mövqedədir. Çünki Rusiya Qərb bazarlarının mühüm hissəsini itirib, Avropa enerji bazarı artıq əvvəlki kimi onun üzünə açıq deyil. Moskva alternativ iqtisadi platformalara ehtiyac duyduğu halda, Pekin bu vəziyyətdən strateji üstünlük kimi istifadə edir.”
M. Bünyadlı bildirib ki, rəsmi Pekin ABŞ-İran münaqişəsində İranın, Rusiya-Ukrayna müharibəsində isə Rusiyanın məğlubiyyətinə imkan vermək niyyətində deyil:
“Digər tərəfdən, Çin Rusiyanın tam zəifləməsində maraqlı deyil. Pekin üçün Rusiya ABŞ-a qarşı mühüm strateji balans faktoru, enerji təhlükəsizliyinin əsas təminatçılarından biri, Avrasiya quru bağlantılarının mühüm halqası və Qərb blokuna qarşı geosiyasi tərəfdaşdır. Bu səbəbdən Çin Ukrayna müharibəsində açıq şəkildə Rusiyanın tərəfində görünməsə də, Moskvanın tam çökməsinə də icazə vermir.
Putinin 2025-ci ilin sentyabrında Çinə səfəri zamanı ifadə etdiyi “Tunelin sonunda müəyyən işıq görünür” bəyanatı Kremlin artıq müharibənin tam hərbi qələbə ilə deyil, müəyyən siyasi-diplomatik kompromislərlə nəticələnə biləcəyini qəbul etdiyini göstərir. Burada Pekinin rolu xüsusi əhəmiyyət kəsb edir. Çin Rusiya ilə Qərb arasında gizli balans yaratmağa, Moskvanın tam məğlubiyyətinin qarşısını almağa və eyni zamanda Avropa ilə münasibətləri qorumağa çalışır.
Səfər zamanı müzakirələrdə İran məsələsi də mühüm yer tutacaq. Çin və Rusiya İranın tam zəifləməsini istəmir və ABŞ-ın bölgədə mütləq dominantlıq qurmasının qarşısını almağa çalışırlar. Çünki ABŞ–Çin–Rusiya rəqabəti artıq regional çərçivədən çıxaraq enerji, texnologiya, logistika, maliyyə, süni intellekt, hərbi-strateji təsir və yeni ticarət marşrutları uğrunda qlobal savaşa çevrilib.
Məhz buna görə Putinin Pekin səfəri sadəcə diplomatik protokol hadisəsi deyil. Bu səfər yeni dünya düzəninin konturlarını, Ukrayna savaşının gələcək trayektoriyasını, Rusiya–Çin strateji ittifaqının dərinliyini və ABŞ-la münasibətlərdə yeni qlobal balansın formalaşıb-formalaşmayacağını müəyyən edəcək mühüm bir mərhələdir.
Ən vacibi isə budur ki, Çin artıq özünü təkcə iqtisadi nəhəng kimi deyil, qlobal siyasi balansın əsas memarlarından biri kimi təqdim edir. Pekin Vaşinqtonla rəqabət aparır, Moskva ilə strateji əməkdaşlığı gücləndirir və hər iki tərəflə çevik işləyərək çoxqütblü dünya modelinin mərkəzinə çevrilmək xəttini yürüdür.”
Nurlan Cəfəri












