Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) bu gün “Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin təqdimat mərasimini keçirib.
Yenicag.az-ın məlumatına görə, AGAT-ın sədri Lalə Mehdiyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin əsas məqsədi Qarabağla bağlı reallıqların yeni texnologiyalardan istifadə etməklə ictimaiyyətə çatdırılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyət göstərən yerli və xarici ekspertlərə, soydaşlarımıza gündəlik xəbər əldə edilməsini asan və rahat yolla təmin etmək, Qarabağ haqqında məlumatları çağdaş dövrün tələblərinə uyğun vahid mobil bazaya yığmaqdır.
L.Mehdiyevanın sözlərinə görə, bu layihənin əsas üstünlüklərindən biri istifadəçinin sayta daxil olmadan bütün xəbərləri telefonla operativ şəkildə, bildiriş formasında əldə etməsidir. L.Mehdiyeva 3 dildə olacaq mobil əlavənin daha çox xarici auditoriya üçün nəzərdə tutulduğunu da söyləyib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev deyib ki, bu layihənin Qarabağla bağlı olması onun əhəmiyyətini olduqca artırır:
“Layihə ilə tanış olanda həqiqətən də onun aktuallığını başa düşdük. Çünki biz bu gün informasiya cəmiyyətində yaşayırıq. Etiraf etməliyik ki, bu gün televizora baxanların, yazılı mətbuatı izləyənlərin sayı azalır. Bu gün informasiyanı mobil cihazlarla əldə etməyə çalışırıq. Bu baxımdan mobil telefonlarda müxtəlif proqramların olması, mədəniyyət, iqtisadiyyat, sosial və digər sahələr üzrə belə əlavələrin yaradılması əhəmiyyətlidir”.
V.Quliyev əlavə edib ki, bu gün bizim ən çox informasiya almalı olduğumuz məsələ Qarabağla bağlıdır.
V.Quliyevin sözlərinə görə, dünya ictimaiyyəti də bu əlavə vasitəsilə Qarabağ haqqında həqiqəti öyrənə bilər:
“Sevinirəm ki, Qarabağla bağlı təşəbbüslərdə QHT-lər aktiv iştirak edirlər. Bu, onu göstərir ki, Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir. 10 il əvvəl isə QHT-lər bu cür layihələrlə çıxış etmirdilər”.
V.Quliyev hesab edir ki, müxtəlif qurumlar bu cür layihələrin daha da genişlənməsinə səy göstərəcəklər:
“Bu gün xarici agentliklərdə, qəzetlərdə, saytlarda Azərbaycanla bağlı, Azərbaycana qarşı yönələn ən azı, 50-60 məlumat olur. Ancaq təəssüf ki, bizim cəmiyyətdə heç kəs onunla maraqlanmır. Çox az QHT onların cavabını verir. Mən onlara təşəkkürümü bildirirəm”.
PA rəsmisi qeyd edib ki, yeni mobil əlavə bir layihə olmaqla yanaşı, QHT-lərimizə də bir çağırışdır: “Bu, QHT-lərimizə bir çağırışdır ki, onlar bu prosesə qoşulsunlar, müxtəlif təşəbbüslərlə çıxış etsinlər. Bu, eyni zamanda, donor təşkilatlar üçün də bir çağırışdır ki, onlar gələcəkdə öz müsabiqələrində bu cür proqramların yaradılması ilə bağlı məsələləri nəzərə alsınlar”.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, bu gün informasiya müharibəsində ən çox ehtiyac duyduğumuz məsələ məlumatların həqiqi formada və operativ çatdırılmasıdır:
“O zaman Errmənistan belə bir rəy formalaşdırmışdı ki, Xocalı faciəsini biz onlara qarşı etmişik. Qarabağ məsələsində də guya onlar öz torpaqlarına qayıdırmış kimi bir rəy formalaşdırmışdılar. Ancaq indiki dövrdə Xocalı soyqırımı artıq bəzi dövlətlər tərəfindən parlament səviyyəsində soyqırım kimi tanınır. Biz indi artıq elə bir dövrə çatmışıq ki, infromasiya texnologiyaları vasitəsilə Qarabağ həqiqətlərini dünyaya çatdıra bilərik. Əsas arzumuz budur ki, bu layihənin davamı olsun. Bu, bizim üçün çox vacib məsələdir. Bizim xaricdə oxuyan tələbələrimiz, diaspor komitələri də bu əlavədən geniş istifadə etməlidir, onun yayılması üçün aktiv işlər aparmalıdırlar”.
www.yenicag.az