“Separatçıların əl-ayağını yığışdırmağa qoymayan Rusiyadır”.
Bu sözləri Qarabağ ətrafında baş verən proseslər, gərginliyin səbəbləri və gözləntiləri dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Qabil Hüseynli bildirib ki, regionda gərginliyin səbəbkarı Rusiyadır:
“Meydanı qızışdıran əsas Rusiyadır. Rusiya guya hümanitar yardım göndərib. Yardım 2 gündür Bərdədə dayanıb gözləyir. Yolu kəsən də Rusiya sülhməramlılarıdır. İran sərhədə qoşun yığmasını təkzib edir. İrana etibar etmək olmaz. İran Azərbaycana kin saxlayır.
Ermənistanla dil tapmaq olar. Ancaq əsas məsələ separatçılarla dil tapmaqdır. Separatçıların əl-ayağını yığışdırmağa qoymayan Rusiyadır. Bizim üçün ən xoş olan odur ki, Ermənistan separatçıların keçirdiyi seçkiləri tanımır. Avropa İttifaqı, ABŞ bu seçkiləri tanımadı. Bu da separatçıların qol-qanadını sındırıb. Ancaq ərazimizdə erməni qoşunlarının qalması bizim üçün çox böyük təhlükədir. Silahlılarla bağlı addım atılmayınca, proses davam edəcək.
Heç bir dövlətin və beynəlxalq qurumun Qarabağdakı “seçkiləri” tanımaması xalqımızın uğurudur. Demək olar ki, tunelin sonunda işıq görünür”.
Səxavət Məmməd
www.yenicag.az