Fransa isti hava dalğasının təsiri altındadır: Əhaliyə xəbərdarlıq edilib
Fransada temperaturun 40 dərəcəyə çatması ilə bağlı verilən xəbərdarlıq dövlət ərazisinin üçdə iki hissəsinə şamil edilib və əhalinin 50 faizindən çoxuna aiddir. 60 departament istiyə görə hava təhlükəsinin narıncı rejiminə uyğun çalışır.
Yenicag.Az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
“Meteo France”ın məlumatına görə, gün ərzində Fransanın cənub-qərb bölgələrindən şimal-şərqə doğru havanın hərarəti +35-38 dərəcə arasında dəyişəcək. İsti havanın qısamüddətli və yüngül zəifləməsi yalnız şimal-qərb ərazilərində müşahidə ediləcəyi və gecə saatlarında da yüksək temperatur qeydə alınacağı bildirilib.
Qeyd olunub ki, gələcək iki gün ərzində temperaturun yenidən yüksəlməsi ehtimal olunur. Bazar ertəsi havanın temperaturunun +37-42 dərəcəyə qədər artacağı gözlənilir.
Bildirilib ki, bəzi departamentlər bazar günündən qırmızı təhlükə rejiminə keçə bilər.
Nəşrin məlumatında vurğulanır: “Ötən aylarla müqayisədə bu, misligörünməmiş dərəcədə isti hava şəraiti olacaq”.
Hava şəraiti ilə əlaqədar Fransanın Baş naziri Sebastyen Lekornyu idarələrarası böhran mərkəzinin qurulması barədə qərar qəbul edib. Qərara əsasən, bu mərkəzin fəaliyyətinə səhiyyə, daxili işlər, nəqliyyat, təhsil, kənd təsərrüfatı və digər müvafiq nazirliklərin rəhbərləri cəlb olunacaq.













