“Heydər Əliyev o yeməkdə Ərdoğana dedi ki…” - Egemen Bağış “Yeni Çağ”a o tarixi söhbəti  açıqladı

media-hightechnic-468x90

“Ərdoğan ilə İlham Əliyev bir-birindən xəbərsiz Ermənistan məsələsində addım atmazlar”

media-banner_tuq

 Türkiyə-Azərbaycan əlaqələrində gəlinən son nöqtədə nələr baş verir? Normallaşan Azərbaycan-Ermənistan, Ermənistan-Türkiyə münasibətlərində nələrə diqqət edilməlidir? Müdafiə sənayesi sahəsində çağ atlayan Türkiyənin dünyaya əsas mesajını necə oxumalıyıq? Bütün bunları Türkiyənin sabiq Avropa naziri, diplomat, siyasət duayeni Egemen Bağış ilə müzakirə etdik. SAHA EXPO platformasında qarşılaşdığımız Egemen bəy Azərbaycandan olduğumuzu bildikdə suallarımızı cavablandırdı. Həm də tarixi bir anı xatırladı.

media-f716acc8-b4f9-4c7d-acde-dad7f3da1b54

Keçmiş nazir ilə həyata keçirilən bu geniş müsahibədə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin tarixi dönüşümü, mərhum Heydər Əliyevin siyasi mirası, Rəcəb Tayyip Ərdoğan ilə İlham Əliyev arasındakı strateji uyğunluq, Qarabağdan sonra bölgədə formalaşan yeni siyasi balans, Ermənistanla normallaşma prosesi, Avropanın müdaxilə cəhdləri və müdafiə sənayesində dəyişən güc nisbətləri müzakirə olundu.

Keçmişdən bu günə Türkiyə-Azərbaycan münasibətləri

– Cənab nazir, bir zamanlar Azərbaycana helikopter belə göndərilə bilməyən dövrlərdən bu gün “ət və dırnaq kimi ayrılmaz” deyilən bir mərhələyə gəlinib. Keçmişdən bu günə Türkiyə-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?

– Keçmişdə təəssüf ki, müəyyən qopmalar yaşanmış ola bilər. Amma bu gün Türkiyə ilə Azərbaycan artıq sadəcə iki dost ölkə deyil, iki qardaş ölkədir. Bu bağ adi diplomatik münasibət deyil. Biz bunun taleyin birləşdirdiyi ortaq yol olduğunun fərqindəyik.

Mərhum Heydər Əliyevin 2003-cü ildə Bakıda cənab Ərdoğana dediyi sözlər əslində bugünkü münasibətlərin təməlini qoydu. Həmin dövrdə AK Parti yeni hakimiyyətə gəlmişdi, amma cənab Ərdoğan siyasi qadağa səbəbindən hələ baş nazir deyildi. Buna baxmayaraq Heydər Əliyev onu dövlət başçısı səviyyəsində qəbul etdi. Mən də həmin heyətdə idim.

Bakıda keçirilən o görüşdə Heydər Əliyev dedi: “Mən qocalmışam, səhhətim də yaxşı deyil. Süleyman Dəmirəllə çox gözəl işlər gördük, amma artıq növbə sizdədir. Oğlumu da, ölkəmi də sənə əmanət edirəm. Türkiyənin əli hər zaman Azərbaycanın üstündə olsun”.

Cənab Ərdoğan isə “Bu əmanət başımın üstündədir” cavabını verdi.

Mən o süfrədəki səmimiyyəti hələ də unuda bilmirəm. O ziyafətdə yediyimiz yeməklərin dadı bu gün də damağımdadır. Çünki məsələ yemək deyildi, o süfrədəki qardaşlıq ruhu idi. Bu gün gəlinən nöqtə həmin gün verilən sözlərin davamıdır.

media-603128b9-9b25-4429-a07e-309134c3a973“Bir millət, iki dövlət”dən “məzaradək qardaşlıq” anlayışına

– Bu gün Türkiyə-Azərbaycan münasibətlərinin ən güclü tərəfi sizcə nədir?

– Ən güclü tərəfi münasibətlərin maraq üzərində deyil, könül üzərində qurulmasıdır. İki qardaş arasında zaman-zaman fikir ayrılıqları ola bilər. Eyni yeməkləri sevməyə bilərsiniz, eyni hadisələrə eyni reaksiyanı verməyə bilərsiniz. Amma qardaşlıq hüququna zərər verməzsiniz.

Türkiyə ilə Azərbaycan arasındakı münasibət də belədir. Bu münasibət gündəlik siyasi hesablarla qurulmuş əlaqə deyil. Bizim münasibətimiz bazara qədər davam edən tərəfdaşlıq yox, məzara qədər davam edəcək qardaşlıq hüququdur.

Bu gün hər kəs bilir ki, Türkiyəyə qarşı yanlış addım atan qarşısında Azərbaycanı görər. Azərbaycana qarşı yanlış addım atan da qarşısında Türkiyəni görər.

Məsələn, 15 iyul çevriliş cəhdi bu qardaşlığın ən açıq sınaqlarından biri idi. Həmin həftə cənab Ərdoğanın Bakıya səfəri planlaşdırılırdı. Amma Türkiyədə baş verən hadisələr səbəbindən “Bu vəziyyətdə ölkəni qoyub gedə bilmərəm” dedi.

Həmin vaxt cənab İlham Əliyevin cavabı çox mənalı idi: “Heç narahat olma, mən gələrəm”.

Və həqiqətən də Türkiyəyə dəstək üçün gələn ilk liderlərdən biri oldu. Bu mövqe unudulmazdır.

Eyni şəkildə Qarabağ məsələsində də Türkiyənin mövqeyi çox açıq idi. Qarabağ zəfəri zamanı təkcə siyasi deyil, psixoloji və strateji həmrəylik də nümayiş etdirildi. O prosesdə bütün dünya Türkiyə ilə Azərbaycanın artıq ayrılmaz bir blok halına gəldiyini gördü.

Serdar Kılıç müzakirəsi və diplomatik dil

– Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın İrəvanda “Özümü evimdə hiss edirəm” açıqlaması Azərbaycanda müzakirələrə səbəb oldu. Diplomatların daha diqqətli olması lazım deyilmi?

– Əlbəttə, diplomatların istifadə etdiyi dil önəmlidir. Amma sözün hansı kontekstdə deyildiyinə də baxmaq lazımdır. Serdar bəy son dərəcə təcrübəli diplomatdır və Türk dünyasının birliyi üçün ömrü boyu çalışıb. Onun Azərbaycana sevgisindən heç kim şübhə edə bilməz.

Orada ifadə edilmək istənilən mədəni yaxınlıq idi. Belə düşünün: Ermənistanmı Azərbaycana mədəni baxımdan daha yaxındır, yoxsa Estoniya? Erməni musiqisimi Azərbaycan musiqisinə daha yaxındır, yoxsa başqa bir Avropa ölkəsinin musiqisi?

Dilimiz, dinimiz, kökümüz fərqli ola bilər, amma coğrafiyanın yaratdığı ortaq mədəniyyət var. Eyni yeməkləri sevirik, oxşar musiqilər dinləyirik, bənzər emosional reaksiyalar veririk.

Məsələn, bir yunan Türkiyədə “Özümü evimdə hiss edirəm” deyəndə bu “Mən türk oldum” mənasına gəlmir. Serdar bəyin sözləri də Azərbaycan mediasında yanlış şərh edildi. Məncə, media olaraq Serdar bəyə haqsızlıq etdiniz.media-69d9ab7f-4da4-4d08-b6f6-ba9f6f676b02

Ermənistanın qarşısındakı tarixi fürsət

– Ermənistanda seçki prosesi və Paşinyana təzyiqlər müzakirə olunur. Sizcə Ermənistan necə yol izləməlidir?

– Biz başqa ölkələrin daxili işlərinə qarışmarıq. Necə ki, erməni siyasətçinin Türkiyədə kimi seçməli olduğumuzu deməsini doğru hesab etmirəmsə, biz də Ermənistan xalqına kimi seçməli olduqlarını demərik.

Amma Ermənistanın qarşısında həqiqətən tarixi fürsət var. İlk dəfədir ki, eyni anda həm cənab Ərdoğanla, həm də cənab İlham Əliyevlə dialoq qura bilən Ermənistan hakimiyyəti mövcuddur.

Mən Praqada keçirilən Avropa Siyasi Birliyi zirvəsində həm İlham Əliyevin, həm də Tayyip Ərdoğanın Nikol Paşinyanla qurduğu dialoqu şəxsən gördüm.

Əgər Ermənistan xalqı iqtisadi rifah istəyirsə, dünya ilə sülh içində yaşamaq istəyirsə və yenidən müharibə qorxusu yaşamaq istəmirsə, öz gələcəyi üçün ən doğru qərarı verəcək.

Ərdoğan-Əliyev koordinasiyası

– Türkiyə və Azərbaycan liderləri arasındakı koordinasiyanı necə qiymətləndirirsiniz?

– Hər kəs əmin olsun ki, cənab Ərdoğan İlham Əliyevdən xəbərsiz Ermənistan məsələsində bir addım belə atmaz. İlham Əliyev də cənab Ərdoğandan xəbərsiz heç bir addım atmaz.

Bu sadəcə siyasi ittifaq deyil. Bu iki lider arasında qardaşlıq hüququna əsaslanan xüsusi etimad münasibətidir.

Bu səbəbdən Türkiyə-Azərbaycan xətti bu gün bölgənin ən güclü strateji oxlarından birinə çevrilib.

Avropadakı etirazlar və diaspora həmrəyliyi

– Avropadakı erməni aksiyaları zamanı Azərbaycanın yanında aktiv şəkildə yer aldınız. Həmin prosesdə nələr yaşandı?

– Praqada olduğumuz vaxt erməni qruplarının Azərbaycan səfirliyi qarşısında aksiya keçirəcəyi xəbəri gəldi. Bunun üzərinə azərbaycanlı qardaşlarımızla birlikdə təşkilatlandıq.

Adış bəyə dedim: “Mən türkləri toplayıram, siz də azərbaycanlıları toplayın, meydanı boş buraxmayaq”.

Həqiqətən də ermənilərdən bir neçə dəfə çox türk və azərbaycanlı gənc səfirliyin qarşısında toplandı. Erməni qrupları gəldikdə qarşılarında boş meydan deyil, çiyin-çiyinə dayanmış türk və azərbaycanlıları gördülər.

Sonra Adış bəylə danışdım. Təhlükəsizlik səbəbindən səfirlikdə olduğunu dedi. “İndi gəlmə, risklidir” söylədi. Mən isə “Bu gün gəlməyəcəmsə, nə vaxt gələcəyəm?” deyərək birbaşa səfirliyə getdim.

Biz əl-ələ verəndə erməni etirazçılarının yaşadığı mənəvi sarsıntını açıq şəkildə gördüm. Çünki artıq qarşılarında təkcə Azərbaycan yox, Türkiyə-Azərbaycan birliyi vardı.

Təbii ki, o günün şərtləri bunu tələb edirdi. Amma bugünkü şərtlər artıq keçmişin mübahisələrini deyil, gələcəyin qurulmasını tələb edir.

Biz bu gün Ermənistana zeytun budağı uzadırıq. Çünki bölgədə davamlı böhran yox, rifah istəyirik.

Ermənistan iqtisadi baxımdan çətin vəziyyətdə olan ölkədir. Əgər Türkiyə və Azərbaycanla sağlam münasibətlər qursa, ticarət yolları açılar, iqtisadi inkişaf sürətlənər, insanların həyat səviyyəsi yüksələr.

Amma bölgədə yaranan boşluq düzgün qiymətləndirilməsə, həmin boşluğu başqa güclər doldurar.

media-img_5448
Screenshot

Brüsselin siyasəti və Qərbə mesaj

– Brüsselin Ermənistan üzərindən bölgədə yeni gərginlik yaratmaq cəhdləri barədə nə düşünürsünüz?

– Qərb zaman-zaman bölgədə fitnə yaratmağa çalışır. Amma Türkiyə və Azərbaycanın ən böyük üstünlüyü güclü və təcrübəli liderlərə sahib olmasıdır.

Mən cənab İlham Əliyevin bəzi Qərb liderlərinə verdiyi diplomatik cavabları gördükcə qürur duyuram. Eyni şəkildə cənab Ərdoğanın da illərdir bu cür təzyiqlərə necə cavab verdiyini bilirik.

Bu liderlər təcrübəsiz deyil. Bölgədə qurulan oyunların fərqindədirlər və bu fitnə cəhdlərinə qarşı lazımi mövqeyi açıq şəkildə ortaya qoyurlar. Məncə, çox düzgün davranırlar.

Müdafiə sənayesi: yeni güc balansı

– Sonda Türkiyənin müdafiə sənayesindəki yüksəlişini necə qiymətləndirirsiniz?

– Türkiyə müdafiə sənayesində artıq tamamilə fərqli mərhələyə gəlib. Xüsusilə son müdafiə sənayesi sərgilərində hər kəs Türkiyənin çatdığı potensialı gördü.

PUA-lardan raket sistemlərinə, elektron müharibə texnologiyalarından yerli istehsal müdafiə platformalarına qədər Türkiyə artıq qlobal səviyyədə söz sahibi olan ölkələrdən birinə çevrilir.

Bu güc dost ölkələr üçün təhlükəsizlik mənbəyidir. Türkiyənin dostları özlərini daha güvənli hiss edir. Amma Türkiyəyə düşmən münasibəti göstərən dairələrin də yuxusu qaçır.

Hər kəs hansı tərəfdə dayanacağına buna görə qərar verməli olacaq.

Aqil Ələsgər

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05