Ermənistanda bazarda Qarabağ narının satılması ilə bağlı foto sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, İrəvanda bir bazarda satılan narın üzərində ermənicə ‘Qarabağ narı’ yazılıb.
Bəs Qarabağ narı Ermənistana necə gedib çıxıb?
Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov açıqlama verib.
O bildirib ki, Azərbaycanın qonşu ölkələrə, o cümlədən Gürcüstan və Rusiyaya ixrac etdiyi nar, Ermənistanda maraq doğurur.
“Ermənilər həmin narı alıb, təkrar ixrac vasitəsilə öz bazarlarında sata bilərlər. İkinci variant isə odur ki, bu, ya satışları artırmaq məqsədilə, ya da başqa bir məqsəd üçün həyata keçirilə bilər. Onlar bunu niyə edir biz bunu bilə bilmərik. Lakin, Ermənilərin bu siyasətinin prokativ xarakterli olduğunu və belə məlumatların hər zaman tirajlanmasının şahidi olmuşuq”.
Qeyd edək ki, ötən il Azərbaycandan 28 min 600 ton nar ixrac olunub. Bunun 80 faizi Rusiyaya, 15 faizi Gürcüstana, qalan hissəsi isə Avropa ölkələrinə göndərilib. Hazırda Qarabağ narı birbaşa digər ölkələrə satılmasa da gələcəkdə xaricə ixracı gözlənilir. Məhsulun ilkin mərhələdə qonşu ölkələrə, növbəti mərhələdə isə Avropaya satılması nəzərdə tutulur. Bu da Qarabağın taclı meyvəsinin dünyada Azərbaycan məhsulu kimi məşhurlaşmasına səbəb olacaq. Ermənistanın bu nardan dada bilməsi isə onların öz davranışlarından asılı olacaq./Milli.Az
www.yenicag.az