!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qaraçı qız və şəhid qardaşının məhzun videosu... - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Ümid doğulur…

Dünən səhər tezdən fikirli-fikirli yol gedirəm. Birdən diqqətimi bir qız çəkdi. Yaşı heç 8 olmazdı. Baxan kimi dilənçi olduğu məlum olurdu. Ancaq mənim diqqətimi çəkən onun dilənçi olması deyildi. Bir küncdə, daşın üstündə oturub balaca çantasından nəsə çıxarırdı. Onu müşahidə etdiyimi görə bilməzdi. Başı özünə qarışmışdı.

Çantasından çıxardığı dodaq boyası idi. Sonra onu çantasına qoyub, başqa bir şey çıxardı, bu dəfə yanaqlarına nəsə sürtürdü. Onun tay-tuşları həmin gün məktəbə gedirdi. Anaları qızlarını bəzəyirdi. Sinfin ən gözəli kim olacaq yarışına girəcəkmiş kimi. Şəkillərini çəkib “gözəlim dərsə başladı” başlığı ilə sosial şəbəkələrdə paylaşacaqlar. Ancaq o qaraçı qızı özü üçün bəzənirdi. Xəyalları nə idi, o dodaq boyasını, digər gözəllik ləvazimatlarını (dodaq boyasından başqa heç bir baxım vasitəsinin adını bilmirəm, ona görə ümumiləşdirirəm) haradan, necə və niyə alıb, şəxsən məni maraq götürdü. Onun tay-tuşları (dilənçi uşaqlar) özlərini daha bərbad hala qoyurlar ki, insanların onlara ürəyi ağrıyıb çörəkpulu versinlər. Ancaq o qız çox fərqli aləmdə idi. Bəzənirdi. Başına da bant bağlamışdı. Yanından ötüb keçdim. Sonra geri dönüb yenə müşahidə etdim. İstər-istəməz gülümsədiyimi özüm də hiss edirdim. O qədər əsəbin qarşısında o uşaq ümid yaradırdı. Yenə yoluma davam etmək istədim. Sonra bir də ayaq saxladım. Öz aləmində idi. Balaca güzgüdə özünə baxıb kiprikləri ilə oynayırdı. Şəklini çəkdim. Sadəcə azyaşlı olduğu üçün etik saymıram, ona görə paylaşmıram. Sonra ondan bir-iki yaş böyük başqa qız yanına gəldi, başına bir qapaz vurdu. O da ayağa durub əl açaraq çörəkpulu istəməyə başladılar…

Kompüteri açırsan. Xəbərlərə baxırsan. Fransa BMT TŞ-nin iclasını çağırıb. Fransanın da… Axşam “da”dan sonrakı üç nöqtənin yerini “Qarabağ”ın “Nant”a vurduğu qollarla doldurdu. Ancaq bu, Fransa dövlətinin vecinə də olmayacaq. Sadəcə özümüzü təsəlli edirik.

Sonra baxırsan, Hindistan Azərbaycanı təcavüzkar adlandırıb. Hindistanın da, Ciminin də, Şahrux Xanın da…

Ölkənin gündəmi budur. Ümid doğulur, əsəb, stress, ancaq mütləq günün sonunda ümid doğulduğu kimi də solmalıdır. Ölkədə nəyin də məntiqi olmasa, bu məsələnin mütləq məntiqi sonluğu olur.

Səhər şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun qardaşının komanda briqadasında vəzifə dəyişməsi üçün 6 min manat pul verdiyi xəbəri ilə əsəb yaşayırdıq. Müdafiə Nazirliyi şəhid qardaşının iddiasını araşdırırdı. Araşdırmanın nəticəsini isə günün sonunda gördük. Başı aşağı, gözü yerə baxaraq üzr istəyir. Adam qardaş itirib, hələ bədəni torpaqda soyumayıb, ancaq üzr videosu çəkdirirlər… Lap səhv edib, axı onun qardaşı sizin əmrinizlə döyüşüb, əmr icra edərkən şəhid olub, başqa heç nəyi yox, bunu nəzərə almaq olmazdı? Olardı. Müdafiə Nazirliyi çıxıb açıqlama verə bilməzdi ki, şəhidin qardaşı əsəbi, itkinin ağırlığından belə açıqlama verib, Allah şəhidimizə rəhmət eləsin? Olardı. O qurumda kommunikasiyanın nə olduğunu bilən olsaydı, çox şey etmək olardı.

Dövlət sərhədi boyu əməliyyat keçirilir, informasiya yox, kommunikasiya yox. Beləcə ölkə əhalisi etdiyin yaxşıya da, pisə də, hər şeyə, hər şeyə qıcıq olur. Havalanır, söyür, söylənir…

Səhər o qaraçı qız şəxsən məndə elə bir ovqat yaratmışdı ki, nifrət etdiyim adamları belə bağışlaya bilərdim. Ancaq o şəhid qardaşının videosu hər şeyi bitirdi.

Şəhidlərin sayına görə insanlar qəzəblidir. Ona görə kimin üzr videosu çıxacaq?

Ümid ölür…

Səxavət Məmməd

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv