“Əgər Surətin Əbülfəz bəyi aradan götürmək niyyəti olsaydı, onun təyyarəsinə raket atdırmasına ehtiyac yox idi ki…”
Bu fikirləri Yenicag.az-a açıqlamasında sabiq baş nazir Pənah Hüseynin 1993-cü ilin fevralında onunla söhbət zamanı Prezident Aparatını bombalamaqla hədələdiyini iddia etdiyi keçmiş müdafiə naziri Rəhim Qazıyev deyib.
Rəhim Qazıyevin sözlərinə görə, Pənah Hüseynin 26 il əvvəl baş vermiş hadisələri tamamilə təhrif olunmuş şəkildə təsvir etməsi, onun özünü hakimiyyətə “sırımaq” niyyətindən irəli gəlir:
“Pənah özünü bu hökumətə sırımaq niyyətinə o qədər aludə olub ki, artıq nə danışdığının qətiyyən fərqində deyil. Əlbəttə ki, onun dedikləri başdan-ayağa uydurmadır. Qeyd edim ki, 1993-cü il fevralın əvvəllərində Ağdərədə aparılan hərbi əməliyyatlara rəhbərlik etmək üçün həmin rayonda idim, Surət Hüseynov isə Gəncədə oturmuşdu. 1993-cü il fevralın 8-də AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevin adından yayılan və dövlət televiziyasında səsləndirilən o məlum bəyanat yay səmasında çaxan şimşək effekti yaratdı. Bu, hərbi əməliyyatların davam etdiyi şəraitdə məqsədli surətdə yaradılmış açıq-aşkar təxribat idi. Məhz o bəyanatdan sonra vəziyyət xeyli kəskinləşdi və böhran həddinə çatdı. Mənim guya Pənahla söhbət zamanı Prezident Aparatanı bombalamaqla hədələməyim və Əbülfəz bəyin təyyarəsinə raket atılması iddiası isə münasibət bildirilməyəcək qədər absurd iddiadır. Əgər Surətin Əbülfəz bəyi aradan götürmək niyyəti olsaydı, onun təyyarəsinə raket atdırmasına ehtiyac yox idi ki… Beş-on adam göndərib təyyarənin havaya qalxmasına imkan verməyə bilərdi. Pənah deyir ki, guya o absurd “raket” məsələsinə görə cinayət işi açılmışdı. Yaxşı, bəs nə oldu o cinayət işinin nəticəsi? “Cinayət”i niyə sübuta yetirmədiniz? Sizi əmin edirəm ki, əgər elə bir şey olsaydı, Heydər Əliyevin özü də o məsələni belə qoymazdı. Görünür, həmin cinayət işi də, Elçibəyə atıldığını dediyi raket də Pənah Hüseynin Sabirabaddakı zirzəmisindədir. İnsan reallıq hissini nə qədər itirməlidir ki, belə boş iddialar səsləndirsin? Yenə deyirəm, özünü hökumətə sırımaq məqsədi onun gözlərini elə tutub ki, nə danışdığını bilmir”.
Qeyd edək ki, keçmiş baş nazir Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında sabiq müdafiə naziri Rəhim Qazıyevin 1993-cü ilin fevralında Prezident Aparatını bombalayacağı ilə hədələdiyini bildirib. Pənah Hüseynin sözlərinə görə, həmin günlərdə eks-prezident Əbülfəz Elçibəyin təyyarəsinə Mingəçevirdən raket atılması haqda məlumat daxil olub və bununla bağlı cinayət işi açılıb.
A.Zeynalov