RƏSMİ QƏRARIN ARXASI: "Azərbaycan dili dəyişikliyi təhsili milli şüuru tənzimləyən PROSESƏ ÇEVİRİR"
Rus bölməsində Azərbaycan dili dəyişikliyi milli şüuru formalaşdırmaq üçündür”
Bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib.

Ekspert orta məktəblərin rus bölmələrində Azərbaycan dilində fənnlərin keçirilməsi haqqında qanun dəyişikliyini bu cür xarakterizə edib:
“Rus dili bölmələrində Azərbaycan dilində keçirilən fənnlərin əsas məqsədi sırf metodiki-pedaqoji xarakter daşımasındadır. Məsələ ilə bağlı hərənin bir yanaşması olacaq. Təbii ki, ana dilində sərbəst danışmaq da böyük üstünlükdür. Bu da hər bir vətəndaşın mənəvi öhdəliyidir. Məktəb həm də pedaqoji prosesdir. Pedaqoji prosesin özünün çox ciddi incəlikləri var. Məsələn, rus dili bölmələrində Azərbaycan dilində keçirilən fənnlər – Azərbaycan dili, Azərbaycan tarixi, ədəbiyyatı proqramında elə incə mətləblər var ki, biz onlarla tanış olduqda anlayırıq ki, doğurdan da bunların rus dili və digər dil bölmələrində məhz Azərbaycan dilində tədrisi çox vacibdir. Təhsil təkcə kimya, fizika, tarixi, ədəbiyyatı öyrənməkdən ibarət deyil. Təhsil həm də milli şüuru tənzimləyən prosesdir. Təhsil çox ciddi işlər görə bilən şüuraltı mexanizmdir. Bu şüuraltı mexanizm doğma Azərbaycan dilində öz işini görəndə daha effektiv ola bilir.”
E. Nuri qeyd edib ki, bəzi fənnlər rus bölməsində Azərbaycan dilində keçirildikdə daha effektiv olacaq:
“Biz Azərbaycan dilində keçirilən fənnlərin məzmun standartlarına hədəf və məqsədlərlə baxsaq, görəcəyik ki, bunlar məhz ana dilində keçiriləndə daha effektiv olur. Məsələn, Azərbaycan tarixi fənninin tədris proqramında məqsədlər bölümündə belə bir maddə var. Azərbaycan tarixi fənninin tədris proqramının əsas məqsədlərindən biri həm də tarixi biliklərin qavranılması və qərarların qəbuludur. Biz tarixi ona görə oxumuruq ki, yalnız hansısa döyüşün neçənci ildə baş verdiyini bilək. Əsla. Onun əsas məqsədi ayrıdır. Biz özümüzü həmin prosesin içində hiss edirik. Həmin tarixi müstəvidə baş verən proseslərin fonunda beynimizdə qərar qəbul etmə modulu yaranır. Bu modul Azərbaycan dilində şüuraltına hopanda effektiv alınır. Tədris proqramlarında belə incə məsələlər var. Azərbaycan dilinin rus bölməsində keçirilmə qərarının əsas səbəbi olaraq bunu görürəm. Digər səbəbi də şagirdlərin Azərbaycan dilində sərbəst danışmasıdır. Burada fənn dəyişikliyi kimi qəbul olunmasından söhbət belə gedə bilməz.”
Nurlan Cəfəri












