İsrail mediası: “Azərbaycan bizim strateji şirkətimizə şərik olmağa hazırlaşır”
Azərbaycan İnvestisiya Holdinqi İsrailin suyu duzdan təmizləyən ən böyük şirkəti olan IDE-nin 30 faizini almaq üçün yoxlama və qiymətləndirmə işləri aparır. Məlumata görə, bu payın dəyəri təxminən 250–270 milyon dollar civarındadır.
Yenicag.az xəbər verir ki, bu barədə İsrailin iqtisadiyyat üzrə ixtisaslaşmış nüfuzlu “The Marker” saytı məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, IDE İsrailin ən böyük və dünyanın aparıcı su təmizləmə şirkətlərindən biridir. Şirkət “Palmachim” zavodundan başqa İsraildəki bütün əsas su təmizləmə müəssisələrini inşa edib. Hazırda IDE iki böyük zavod vasitəsilə ölkənin su təmizləmə bazarının təxminən 20 faizinə nəzarət edir. Bunlardan biri illik 127 milyon kubmetr gücü olan “Hadera” zavodu, digəri isə hazırda 140 milyon kubmetr su təmizləyən və gələcəkdə gücü 200 milyon kubmetrə çatdırılacaq “Sorek 2” zavodudur.
Şirkət, eyni zamanda, Qərbi Qalileyada yeni su təmizləmə zavodu tikir. Bu müəssisənin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır və ilkin mərhələdə ildə 100 milyon kubmetr su istehsal edəcək. Sonradan bu zavodun gücünün iki dəfə artırılması da nəzərdə tutulur. Bu layihələr başa çatdıqdan sonra IDE-nin İsraildəki bazar payının 45 faizə qədər yüksələcəyi gözlənilir.
IDE-nin səhmdarları arasında israilli iş adamları, bir neçə sığorta şirkəti və investisiya fondu var.
Əgər sözügedən razılaşma reallaşsa, bu, Azərbaycanın İsrail infrastrukturuna etdiyi ikinci böyük dövlət investisiyası olacaq.
Xatırladaq ki, 2025-ci ildə SOCAR İsrailin “Tamar” qaz yatağının 10 faizini 1,25 milyard dollara almışdı.
Camal Cavanşir












