Ötən ilin dekabr ayının 30-da Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı müvafiq sərəncamın verilməsi dövlətin Rəsulzadə irsi və onun şəxsiyyətinin təbliğ edilməsi istiqamətində atdığı addımları prioritet olaraq görməsi anlamına gəlir.
Məhəmməd Əmin Rəsulzadə kimi tarixi bir şəxsiyyətin bu il 140 yaşının tamam olması və onun kimliyinin Azərbaycan xalqının beynindən silinməməsi belə bir şəxsin ölkəmiz və millətimizin taleyində oynadığı rolu bariz olaraq sübuta yetirir.Rəsulzadə və silahdaşları böyük imperiyaların qılınclarının dalı-qabağı kəsən zamanlarda İstiqlal Bəyannaməsi ilə Azərbaycanı müstəqil bir dövlət etməyi bacarmış və 23 ay ərzində bu ölkəni ayaqda saxlaya bilmişdi. Yoxdan bir Cümhuriyyəti var edən bu şəxsiyyətlər sovet təqiblərinə məruz qaldığı illərə qədər yalnız Azərbaycanı düşünmüş, onun sovet əsarətindən qurtulması üçün bir sıra addımlar atmışdılar.Məhz bu şəxsiyyətlərdən biri də Məhəmməd Əmin Rəsulzadədir. Onun fikir atası olduğu ideyaların nəticəsində bu gün varisi olduğumuz cümhuriyyət qurulub.
Yenicag.az-a açıqlamasında tarix elmləri doktoru, BDU-nun professoru Boran Əziz deyib ki, Məmməd Əmin Rəsulzadənin 140 illiyinin keçirilməsi haqqında sərəncam çox doğru və vaxtında verilmiş bir sərəncam idi. Onun sözlərinə görə, bu, yeni dövrdə, xüsusilə də müstəqilliyimizin indiki mərhələdə Rəsulzadə irsinin, yaradıcılığının öyrənilməsinə yeni bir təkan oldu:“Təəssüf ki, indiyə qədər müstəqillikdən keçən müddət ərzində Məmməd Əmin Rəsulzadənin fundamental – “Azərbaycan Cümhuriyyəti”, “Azərbaycan Milli Hərəkatı” və s. kimi əsərləri var ki, onlar kifayət qədər geniş təhlil olunub ictimaiyyətə çatdırılmayıb. O baxımdan, üstündən nə qədər zaman keçsə də, Məmməd Əmin Rəsulzadənin yaradıcılığına hər dəfə yeni bir baxış bucağından baxmağa və onu təhlil etməyə ehtiyac var. Xüsusilə, indi qloballaşma və dünyada cərəyan edən proseslər zamanı Məmməd Rəsulzadənin Azərbaycanın gələcəyi ilə bağlı verdiyi proqnozların böyük əhəmiyyəti vardır”.
Onun fikrincə, sözügedən fərmandan sonra bir sıra tədbirlər oldu:
“Zaman-zaman alimlərimizin və gənc araşdırmaçılarımızın bununla bağlı yeni əsərləri çıxır. Bu yaxınlarda mən Dilqəm Əhməd kimi bir gəncin Azərbaycan siyasi mühacirətinin Güney Azərbaycanda fəaliyyəti ilə bağlı gözəl araşdırmasına rast gəldim. Bir də Cümhuriyyət uğrunda mübarizə, “Milli Azadlıq Hərəkatının aktuallığı, dövrlər və cərəyanlar” adlı əsəri tamamladıq. Yəqin ki, 10 günə 15 günə işıq görəcəkdi. Əlbəttə, nə qədər iş görülsə də, adam baxır ki, yenə azlıq təşkil edir. Çünki uzun illərdir ki, ona lazımi diqqət yetirilməyib. Bu baxımdan, qısa bir müddət ərzində onun hamısını əhatə etmək, əlbəttə, çətin olardı. Bununla yanaşı, yanvardan indiyə qədər keçən müddət ərzində istər mart soyqırımı ilə bağlı, istər Cümhuriyyətin süqutu, istərsə də 28 May – Müstəqillik günü ilə bağlı respublikanın müxtəlif təhsil ocaqlarında, idarə və müəssisələrində tədbirlər keçirilib və bu tədbirlərin hamısında da Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin əhəmiyyəti və onun müstəqillik dövrünün tələbləri uyğun qiymətləndirilməsi həyata keçirilmişdir”.
Tarix elmləri doktoru, BDU-nun müəllimi Nəsiman Yaqublu da söyləyib ki, bununla əlaqədar olaraq, həm Azərbaycanda, həm də Azərbaycandan kənarda müxtəlif işlər və tədbirlər görülüb:
“Məsələn, elə öz iştirak etdiyim tədbirlərdən danışmaq istəyirəm ki, bu yaxınlarda Milli Elmlər Akademiyasında Rəsulzadənin 140 illiyinə həsr edilmiş böyük tədbir oldu. Akademik İsa Həbibbəyli həmin tədbiri keçirirdi və mən də orada çıxış etdim. Sonra isə Avrasiya İnstitutu ilə Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu birlikdə bir tədbir keçirdilər. orada da biz iştirak etdik və bir çox tədqiqatçılarımız, Rəsulzadə irsini araşdıranlar bu tədbirdə çıxış etdilər.
Bundan əlavə, bir sıra müəssisələrdə, məsələn, Dövlət Xalçaçılıq Muzeyində çox maraqlı bir tədbir keçirildi. Xatırlayıram ki, həmin tədbirə heç kimi rəsmi olaraq dəvət etməmişdilər. Sadəcə, özlərinin saytında məlumatlar vermişdilər ki, Rəsulzadəyə həsr edilən tədbir keçiriləcək. Tədbirdə də professor Nəsiman Yaqublu məruzə edəcək, kim istəyirsə, gəlib iştirak edə bilər. Xatırlayıram ki, kifayət qədər, çoxlu sayda ziyalılar bu tədbirdə iştirak edirdilər və mən tədbirdən çox məmnun qaldım”.
O, əlavə edib ki, həmçinin bizim bir sıra kitabxanalarımızda da Rəsulzadə irsinin öyrənilməsi problemləri ilə bağlı tədbirlər keçirildi:
“Unudulmaz tədbirlərdən biri Niderlanda keçirildi və həmin tədbirdə həm Niderlandda, həm də ətraf bölgələrdə yaşayan soydaşlarımız iştirak edirdilər. Azərbaycan Respublikasının Niderlanddakı səfirliyinin nümayəndəsi də orda iştirak edirdi və xatırlayıram ki, həmin tədbirdə mən özüm də “Məhəmməd Əmin Rəsulzadə həyat və fəaliyyəti” adlı kitabını aparmışdım və həmin kitabı da orada təqdim etdim. Bizim tanınmış musiqiçilərdən Xəyyam bəy, Firuz bəy və digərləri də orada iştirak edirdilər. Həmin tədbirin təşkilində orada yaşayan bizim həmyerlimiz Maisə xanım çox böyük təşkilatçılıq işi görmüşdür. Orada həm Güneydən, həm də Şimaldan olan həmyerlilərimiz iştirak edirdilər”.
N Yaqubluya görə, bu tədbirlər yenə də davam etməkdədir:
“Bundan əlavə, Rəsulzadə İrsinin Araşdırma Mərkəzinin sədri olaraq qəzetlərdə, saytlarda Rəsulzadə ilə bağlı çoxlu yazılar təqdim etmişəm. Yekun olaraq onu söyləmək istəyirəm ki, bu il ərzində Rəsulzadənin həyat və fəaliyyətini əhatə edən iki kitab nəşr etdirmişəm. Birincisi, “Məhəmməd Əmin Rəsulzadə: Mətbuat haqqında”. Təxminən üç 340 səhifəlik kitabdır ki, bu kitab çap olunub oxuculara paylanılıb. Kitabın kiçik təqdimat mərasimini də keçirdik. Sonra isə “Rəsulzadənin həyat və fəaliyyəti” adlı 360 səhifə həcmində kitab çap etdirmişəm. Kitab bu yaxınlarda nəşr edilib. Kitabın həm də bir cəhəti var ki, o, üç dildə hazırlanır. Mən bunu həm Azərbaycan dilində hazırlamışam, həm də ingilis, rus dilində əlavə informasiyalar, məlumatlar toplularını da bu kitaba daxil etmişəm. Yəni bu kitabı alan şəxs həm Azərbaycan dilində, həm rus dilində, həm də ingilis dilində Rəsulzadə haqqında bilgilər, məlumatlar əldə edəcək. Eyni zamanda, bu kitabların hamısını elektron formada bizim kitabxanalarımızda yerləşdirirəm. Kitab artıq Bakı Dövlət Universitetinin kitabxanasında yerləşdirilib. Milli Elmlər Akademiyasının kitabxanasındakı elektron resursları daxil edilib. Bu yaxınlarda isə növbəti bir kitabı – “Məhəmməd Əmin Rəsulzadənin Mühacirətdəki əsərləri”nin 10 cildliyini nəşrə hazırlayırıq. Onun iki cildi çap olunub. İndi isə üçüncü cild yaxın aylarda çap ediləcək”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Rafi Müslümov
www.yenicag.az