!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rüfət Nəzər: “Camaat tarixi seriallarla dünyanı fəth edir, siz hələ “laqqırtı vurub”, camaatın pulunu yeyin...” - MÜSAHİBƏ

!Reklam – Yazi

“Nə vaxta qədər qapı-qapı düşüb dilənçi kimi ona-buna yalvaracaqsınız ki, bizə məkan, barterlə yemək və ya hər nəsə verin?”

Tanınmış aktyor Rüfət Nəzər Yenicag.az-a müsahibəsində yerli serial “sənaye”sinin pərdəarxası məqamlarına işıq tutub.

– Yerli serialların keyfiyyəti şəxsən sizi qane edir?

– Seriallarımızın əksəriyyəti çökmüş vəziyyətdədir.

– Bunun səbəbi nədir?

– Çox amilləri var, ən əsası budcədir və ondan sonra hər şey zəncirvari davam edir. Bilirəm, bizi yüz milyon əhalisi olan ölkələrin reytinqi ilə müqayisə etmək olmaz. Onların layihəyə ayırdığı büdcəni bizim seriallara yatırsaq, gəlir bir yana, həyatı boyu heç maya dəyərini çıxara bilmərik. Amma bu o demək deyil ki, ucuzluğa getməliyik. Eyni büdcəyə çəkilən ən azı fərqli məkanlar olsa, artıq sözügedən stereotiplərdən çıxmış olarıq. Seriallarımızın 90 faizi kirayəyə götürülmüş içi bomboş “villa”larda, divan-kresloda, ya həmin evin həyətində, qəbiristanlıqda, xəstəxanada, ya da kimdənsə xahiş edilmiş maşının içində çəkilir. Baxırsan ki, obraza görə şirkət rəhbəridir, milyonlardan dəm vurur, amma ayağında 20 manatlıq laklı ayaqqabı, əynində isə 70 manatlıq parıltılı, “poloskalı” kostyum – o da bir neçə dəfə əvvəlki seriallarda istifadə olunsa da, yenə geyinib. Ağzında isə dişləri qeyri-estetik halda. Bizim iş adamlarımız elə görünür bəyəm? Qınamıram, kimsə bu həyatda sığortalanmayıb, sadəcə, ya “rejissorun” savadı ora qədərdir, ya da ki tamaşaçıya qoyduğu hörmət… Bu da büdcəyə bağlı məsələdir.

– Bəlkə həm də, qeyri-peşəkarlığa?

– Bəli, yolaverən ambisiyalarla dolu, yəqin ki, uşaqlıqdan hər hansi travması olan “rejissor”, ordan-burdan yığma qeyri-peşəkar heyət, hər qəpiyə qənaət edən “prodüser”dən ibarət komanda… Nəticədə isə vaxtilə lağ etdiymiz 70-80-ci illərin Braziliya seriallarından da zəif “iş” alınır. “Rejissor” tanıyıram ki, həyatında edə bilmədiklərini, layihənin hesabına edir.

– Məsələn?

– Çəkilişlərin aparıldığı “villalarda” işdən sonra qalıb min oyunlardan çıxırlar. Necə deyərlər, “mal özgənin, pul özgənin”. Eyni zamanda, həmin seriala düşmək üçün o qədər havayı iştirakçı var ki… Əsas odur, özünü efir vasitəsilə kiməsə təsdiqləsin. Şəxsən mənə az müraciət edilməyib. Məsələn, yazırlar ki, salam, seriallara məni də çəkin də. Demişəm, mən o işə baxmıram, həm də siz aktrisasınız bəyəm? Qayıdıb ki, indi çəkilənlər aktrisadır ki? Biri bloqer, digəri rəqqasədir, mənim də həvəsim var, həm də populyar olmaq istəyirəm. Filankəs məni filan yerə çəkib, “sizi də yaxından tanımaq istəyərdim” kimi şeylər… Hesab edirəm ki, belə ucuz “həvəskarlar” və onlar kimi ucuz “rejissorlar” sənətimizə ləkədir. Kimliyindən aslı olmayaraq, hər kəs bacardığı işlə məşğul olmalıdır. Həvəskarlar başqa, sənət başqa. Belələri bir çox seriallarda və ya filmlərdə mövcuddur. Tanıyıb-bilməsəm bunları demərəm. Onları da qınamıram, hərəsinin öz səviyyəsi, öz təbəqəsi var.

– Hər dəfə eyni mövzular, eyni obrazlar, tamaşaçı da yorulur… Sizcə, belə serialların zərbəsi daha çox tamaşaşıya dəyir, yoxsa…?

– İlk növbədə sənətə və gördüyümüz keyfiyyətsiz məhsula görə, əlbəttə ki, tamaşaçıya. Özünü aktyor hesab edənlərin əksəriyyəti “bomba oğlan” obrazındadır; nədənsə, hamısı eyni standart saqqallı və qara kostyumda görünürlər. Çıxın da bu “kurtlar vadisi” tipli obrazlardan, yorulmadınız? Məcburiyətdir, ya fantaziyanın bitdiyi an? Aktual və maraqlı olmamaqla yanaşı, üstəlik, “tutuzdura” da bilmirsiniz, alınmır, o deyil…

Vallah hər şey vaxtında gözəldir – oldu, keçdi, bitdi – daha bəsdir. Nə vaxta kimi layihəyə dəvət “büdcə azdır” deməklə başlayacaq? Nə vaxta qədər qapı-qapı düşüb dilənçi kimi ona-buna yalvaracaqsınız ki, bizə məkan, barterlə yemək və ya hər nəsə verin? Arada isə çəkdiyiniz də özünüz kimi “bomba” olur. Elələrinin ucbatından kimsə proyektə sponsorluq edib zamin durmaq istəmir. Nə məcburdur bu əziyyətlə, bu çətinliklə, yalvar-yaxarla tamaşaçı önünə çıxasınız? Yoxdur, alınmır, etməyin də, özünüzə başqa sənət tapın, bəlkə orada nəyəsə nail oldunuz, kim bilir. Camaat mistik, tarixi, fantastik seriallarla dünyanı fəth edir, siz hələ yola verin, bir-iki məkanda “laqqırtı vurub”, camaatın pulunu yeyin.

Cəvahir

www.yenicag.az

5009
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv