“Putinin xahişi olmasaydı, Azərbaycan Qarabağdakı separatçı rejimi oradan rədd edərdi”.
Bunu Rusiyanın Azərbaycana qarşı seçdiyi mövqe və yaranmış gərginliyin hansı nəticələr verə biləcəyini şərh edən sabiq millət vəkili, politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.
Yusif Bağırzadə bildirib ki, yaranmış gərginlik yaxın zamanda həll olunmalıdır, bunun başqa yolu yoxdur:
“Rusiya ilə Azərbaycanın bölüşdürə bilməyəcəyi ciddi bir məsələ yoxdur. Fevral ayında Azərbaycanla Rusiya arasında strateji müttəfiqlik sazişi imzalandı.
Periodik olaraq Rusiya ilə Azərbaycan arasında gərgin münasibətlər yaranır. Bu əvvələr də olub, yaxın vaxtlarda da müşahidə olunub. Yaxın vaxtlarda Putinin təklifi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olmalıdır. İnanıram ki, bu məsələlər qaydasına düşəcək.
Rusiya ilə Azərbaycan arasında çoxtərəfli münasibətlər var. Bu həm ictimai-siyasi, həm hərbi münasibətlərdir.
2020-ci il 10 noyabr üçtərəfli bəyanatını təklif edən və ona qarant duran Rusiya olub. Dəfələrlə olub ki, Rusiyanın sözü, təklifi ilə Azərbaycan tərəfi razılaşıb. Aprel döyüşlərini də, son sərhəd toqquşmasını da Rusiyanın xahişi, sözü ilə dayandırdıq. Azərbaycan Rusiyanın sözünü eşidir, qonşu və strateji müttəfiq kimi rəsmi Moskvanın təkliflərinə müsbət reaksiya verir. Putinin xahişi olmasaydı, Azərbaycan Qarabağdakı separatçı rejimi oradan rədd edərdi. Buna Azərbaycanın gücü də çatır.
İnanmıram ki, Rusiya ilə münasibətlər pik həddə çatar və dərinləşər. Hesab edirəm ki, ortaq məxrəcə gəlinəcək”.
Səxavət Məmməd
www.yenicag.az