Rusiya hökuməti Baltik dənizində sərhədlərini yenilədi
Rusiya hökuməti Baltik dənizində materik sahili və adalar boyunca ölkənin ərazi sularının sərhədlərini dəqiqləşdirmək məqsədilə başlanğıc xətlərin coğrafi koordinatlarının yeni siyahısını təsdiqləyib.
Yenicag.az xəbər verir ki, müvafiq qərar 19 iyun tarixində hüquqi məlumat portalında dərc olunub.
Sənəddə qeyd olunur ki, Rusiyanın ərazi dənizinin eni Litva ilə quru sərhədindən başlayaraq Polşa ilə sərhədədək uzanan və ən böyük qabarma xətti üzrə müəyyən edilən başlanğıc xətdən ölçülür.
Bundan əlavə, sənəddə vurğulanır ki, ərazi suları, iqtisadi zona və kontinental şelfin sərhədlərinin hesablanmasında əsas götürülən başlanğıc xətlərin əvvəlki koordinat siyahısı – yəni “Baltik dənizi” bölməsi – artıq Rusiya ərazisində qüvvədən düşmüş sayılır. Yeni sənəd 1985-ci ildə təsdiq olunmuş siyahını əvəz edir.
Qeyd edək ki, NATO-nun baş katibi Mark Rütte iyunun 4-də verdiyi açıqlamada Qara və Baltik dənizlərini alyansın məsuliyyət zonası kimi qiymətləndirdiklərini bəyan etmişdi. Onun sözlərinə görə, NATO regionda istənilən gözlənilməz vəziyyətə “dağıdıcı cavabla” reaksiya verəcək.