Rusiya və Türkiyə prezidentləri şənbə günü İstanbulda ikitərəfli görüş keçirəcək.
Yenicag.az xəbər verir ki, İstanbulda Suriyaya dair keçiriləcək zirvə toplantısında Türkiyə, Rusiya, Fransa və Almaniyanın iştirak edəcək. Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın zirvə toplantısından sonra ikitərəfli görüş keçirəcəkləri ehtimal olunur.
“Rusiya və Türkiyə: çoxtərəfli tərəfdaşlığın strateji sahələri” mövzusunda konfransda çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa Departamentinin direktor müavini Andrey Buravov “hazırda Moskva ilə Ankara arasında siyasi dialoq yüksək səviyyədədir. Bu, ilk növbədə ölkə liderlərinin səmimi münasibətlərindən irəli gəlir. Çoxtərəfli sahələrdə əməkdaşlığın davam etdirilməsi məsələlərinin müzakirəsi üçün şənbə günü prezidentlər arasında görüş keçirilməsi nəzərdə tutulur” – deyə qeyd edib.
“Eyni zamanda, Rusiya və Türkiyə strateji enerji layihələrini inkişaf etdirirlər. Xüsusilə də, Rusiya ilə əməkdaşlıq çərçivəsində Türkiyənin ilk atom elektrik stansiyasının tikintisini buna misal göstərmək olar. Stansiyanın 2023-cü ilə qədər hazır olması planlaşdırılır” – deyə diplomat sözlərini yekunlaşdırıb.
Həşim Səhrablı