108 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 4 550 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 310 ədəd, səhra artilleriyası və minaatanlar – 585 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 255 ədəd, HHM sistemi – 115 ədəd, təyyarələr – 228 ədəd, helikopterlər – 176 ədəd, qanadlı raket – 135 ədəd, PUA – 550 ədəd, gəmi-kater – 14 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 3 360 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 050 ədəd, səhra artilleriyası və minaatanlar – 1 770 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 480 ədəd, HHM sistemi – 350 ədəd, təyyarələr – 192 ədəd, helikopterlər – 139 ədəd, PUA – 1 065 ədəd.
Ukrayna-Rusiya müharibəsinin yüz səkkizinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, 108-ci gündə döyüşlər Severodonetsk, Luqansk, Xarkov, İzyum, Xerson, Zaporojets yaşayış məntəqələri istiqamətində davam etdi və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş vermədi:
“108-ci gündə tərəflərin taktiki səviyyədə intensiv artilleriya döyüşləri davam etdi. Rusiya qoşunları hücumlarını davam etdirməyə, Ukrayna qoşunları isə onları dayandırmağa çalışdı.
Bu gün ruslar Xarkovun şimal istiqamətinə əməliyyat ehtiyatlarını cəlb etdi. Üç istiqamətdən Xarkov istiqamətinə əks-hücum keçirməyə cəhd etdilər. Kazçiy Lopan ərzisində ciddi döyüşlər getdi. Bu istiqamətdə Ukrayna qoşunları ciddi müqavimət göstərdi. Rusların bu istiqamətdə hücumlarının məqsədi Ukrayna qoşunlarının Severodonetsk istiqamətinə yönlənməsinin qarşısını almaqdan ibarətdir. Eyni zamanda yeni əraziləri nəzarətə götürməklə hücumu Xarkov istiqamətində davam etdirmək üçün körpübaşı yaratmağa cəhd edəcəklər.
Severodonetsk istiqamətində də hücümu davam etdirməyə cəhd etdilər. Hücum qruplaşmasını artilleriya batareyalarının atəşləri və döyüş təyyarələrdən atılan raketlərlə dəstəklədilər. Bu istiqamətdə Lisiçansk yaşayış məntəqəsini mühasirəyə almağa qərarlıdırlar. Popasnoe-Baxmut-Lisiçansk trasının nəzarətə götürülməsi onlar üçün olmazsa olmazlarındandır.
Severodonetsk ətrafındakı rus qoşunları cənuba doğru irəliləyə bilmir. Küçələrdə şiddətli döyüşlər davam edir və hər iki tərəf ağır itki verir. Severodonetskdə rusların hücumları istənilən kimi getmir. Bu istiqamətdə hələ ki, ciddi irəliləyiş yoxdur.
Ruslar hücum qruplaşmalarının hərəkət tempinə dəyişiklik ediblər. Onlar iki gün döyüşür, iki gün qruplaşma üçün fasilə verirlər. Bu taktika özünü hələ ki, doğruldur. Görünən odur ki, artıq onlar tələsmirlər.
Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin zərbəsi zamanı Rusiya qoşunlarının iki generalı öldürülüb, onlardan biri bölgənin Rusiyaya birləşməsi ilə bağlı “referendum”un təşkilinə cavabdeh olan Federal Təhlükəsizlik Xidmətinin generalı olub. Bu sayca 16-cı generaldır ki, sıradan çıxarılır. Düşünürəm ki, general ölümləri belə ucuz olmamalıdır.
Rusiya siyasi elitası müharibənin yanlışlarını öz generalitetinə belə ödətdirir. Müharibənin başlanğıcında Rusiya siyasi elitası generalitet tərəfindən aldadılmışdı. İndi isə bədəlini öz ölümləri ilə ödəyirlər. Biz bilirik ki, general heyəti hücum edən birinci eşalon bölmələrini 3-5 km məsafədən komanda idarəetmə məntəqələrindən idarə etməlidir. Görünən odur ki, generalların birbaşa təmas xəttində olmasına səbəb Rusiya quru qoşunlarının birinci eşalonunda döyüşən hərbçilərinin səviyyəsinin çox aşağı olmasıdır. Adətən, əsgər döyüşmək istəməyəndə generallar önə çıxır. Yəni strateji vəzifə tutan hərbçilərin ölümlərinin səbəbi əsgərin yanında olma məcburiyyətindən irəli gəlir. Əgər bölük, tabor və briqada komandirləri yüksək səviyyədə hazırlıqlı olsaydılar, öz bölmələrini ən yüksək səviyyədə idarə edə bilsəydilər, heç buna da ehtiyac olmazdı və onlar müharibəni idarəetmə məntəqələrində idarə edərdilər. Bundan əlavə, Rusiya Silahlı Qüvvələri Ukrayna kəşfiyyatının qabiliyyətini də düzgün qiymətləndirə bilmədi. Onlar əməliyyat teatrında video rejimdə izləyərək rusların bölmələrinin və hərbi beyin mərkəzlərinin yerini dəqiq müəyyən edə bilirlər. Ukrayna kəşfiyyatı müasir geolokasiya texniki vasitələrlə ilə Rusiya qoşunlarının generallarının və polkovniklərinin hərəkət marşrutlarını çox dəqiq izləyə bilir. Dəqiq zərbələr nəticəsində onları hətta 20-30 km məsafədən belə sıradan çıxara bilir. Xüsusən, NATO-nun hərbi beyin mərkəzləri peyk vasitələri ilə əldə olunan məlumatları Ukraynaya təqdim edir.Bu dəqiq kəşfiyyat məlumatları uğurlu əməliyyatlara töhfəsini verir.
Bizim 44 günlük müharibəmizdə bir nəfər generalımızın belə zərər görməməsi, öyrəniləcək hüsuslardandır.
Eyni zamanda Rusiyada yüksək dəqiqlikli silah qıtlığı hiss olunur. Raket atışlarının azlması bundan xəbər verir. Dəqiq müasir raketlərin məhdsudluğu səbəbindən kalssik raket artileriya arsenalından istifadə edirlər. Ukraynaya qarşı Rusiyanın sovet istehsalı olan “X-22” raketlərindən istifadə etməsi buna əyani subutdur. Səbəb Rusiya Federasiyasında dəqiq müasir döyüş sursatlarının çatışmazlığıdır. Bu isə öz növbəsində zərbələrin qeyri dəqiq olmasına gətirib çıxarır.
Digər tərəfdən, ABŞ kəşfiyyat orqanları məlumat yayıb ki, artıq Ukraynanın sursatı tükənib. Onların sovetdən qalma və öz istehsalı olan sursatı 3 ay yarımda bitib. Ukrayna yalnız Qərbin verəcəyi sursatlar vasitəsi ilə döyüşü davam etdirə biləcək. Düşünürəm ki, Rusiya tərəfi də bunu bilir. Ona görə də, səbrlə davranaraq tam tükətməyə vadar edir müdafiə olunan tərəfi. Bununla yanaşı Qərbdən gələn sursatların çatmaması üçün də daim əsas yolları atəş altında saxlayır.
Bundan əlavə Rusiya artıq Ukraynada işğal etdikləri ərazilərdə yaşayan əhaliyə Rusiya pasportu verməyə start verib. Rəsmi məlumata görə 70 min insan Rusiya vətəndaşlığına keçmək üçün müraciət edib. Bir müddət əvvəl Rusiya prezidenti ələ keçirdikləri ərazidə yaşayan əhaliyə pasport verilməsi ilə bağlı fərman imzalamışdı.
Artıq Ukrayna hava hücumundan müdafiə sistemləri ölkənin əksər ərazilərində Rusiyanın taktiki aviasiyasını zərbələrindən müdafiə edir. Bu çox ciddi bir irəliləyişdir və görünən odur ki, onların bu imkan və qabiliyyəti artacaq.
Rusiya təyyarələrdən və artilleriya bölmələrinin vasitələrindən kütləvi şəkildə atəş açır. Bu Ukrayna müdafiəsinə ciddi itkilərə mail olur.
Bu gün ABŞ-nin müdafiə naziri Rusiyanın qaydalara əsaslanan dünya nizamını məhv etdiyini söylədi. Görünür, onların Rusiyanı dayandıracaq real planları mövcud deyil. Hərbi beyin mərkəzləri siyasi bəyanat vermək üçün deyil. Onlar gücə qarşı necə güc tətbiq ediləcəyinin yollarını və praktiki tətbiqini həyata keçirmək üçündür. Biz isə tam başqa rəsm görürük.
Bu kimi bəyanatların əməliyyatlar teatrında real hərbi fəaliyyətə çevrilib-çevrilməyəcəyini önümüzdəki günlərdə görəcəyik…”.
Səxavət Məmməd
www.yenicag.az