!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 77-ci GÜNÜ: Kremldaxili anlaşmazlıqlar üzə çıxır - TƏHLİL

!Reklam – Yazi

77 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 585 ədəd, avtomobil texnikası – 260 ədəd, səhra artilleriyası və minaatanlar – 465 ədəd, YARS – 190 ədəd, zenit-raket kompleksləri – 51 ədəd, təyyarələr – 200 ədəd, helikopterlər – 158 ədəd, PUA – 260 ədəd, gəmi-kater – 13 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 670 ədəd, avtomobil texnikası – 2 470 ədəd, səhra artilleriyası və minaatanlar – 1 200 ədəd, YARS – 250 ədəd, zenit-raket kompleksləri – 317 ədəd, təyyarələr – 165 ədəd, helikopterlər – 126 ədəd, PUA – 705 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yetmiş yeddinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, Ukrayna-Rusiya müharibəsinin 77-ci günü əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş verməyib:

“Bu gün Ukrayna qoşunları Xarkov ətrafında Pitomnik kəndini nəzarətə götürdü. Bu istiqamətdə Ukrayna qoşunlarının taktiki tabor qruplarının döyüşləri uğurlu davam edir. Bəzi məlumatlara görə, bu istiqamətdə Ukrayna qoşunlarının əks-hücumları nəticəsində ordu Rusiya sərhədinə yaxınlaşır. Onlar daha da irəli gedərək rusları geri çəkilməyə məcbur etməyə davam edəcəklər. Ukrayna ordusunun növbəti əməliyyatlarının bu istiqamətdə gedəcəyi görünür. Əslində, əks-hücum əməliyyatı harada uğurlu olursa, o istiqamət əsas zərbə istiqamətinə çevrilir. Bütün ehtiyatlar bu istiqamətdən döyüşə yeridilərək uğur davam etdirilir. Biz bu istiqamətdə bunun şahidi olacağıq.

Gün ərzində bütün istiqamətlərdə tərəflərin qarşılıqlı artilleriya və raket zərbələri davam etdi. İzyum rayonunda rus qoşunlarının toplanma bölgəsinə artilleriya zərbələri endirildi. Donetsk ərazisində Ukrayna ordusu Rusiya qoşunlarının bölmələrinə artilleriya zərbəsi endirdi. Ruslar itkilər verdilər. Lvov vilayətində Rusiya ordusunun M-24 helikopteri vuruldu. Zaporojets istiqamətində Rusiya hərbi qərargahı Ukrayana dronları ilə vuruldu.

Mariupol şəhərinin “Azovstal” ərazisi ruslar tərəfindən bombalandı. Mariupoldakı “Azov” alayı “Azovstal” zavodunu alınmaz qalaya çevirib. Tam 77 gündür ki, on minlərlə rusiyalı hərbçinin mühasirədə saxladığı, davamlı hücum etdiyi “Azovstal” ərazisindəki “Azov” alayı təslim olmur. “Azovstal” fasiləsiz bombalanır, raketlərlə vurulur, gülləbaran edilir. “Azov” alayı misli görünməmiş qəhramanlıq dastanı yazır. “Azov”un yaralı döyüşçüləri zavodun zirzəmilərində, tozun, tüstünün, havasızlığın içindədir. Onların təxirəsalınmaz təcili yardıma ehtiyacı var.

Ukraynanın canlı əfsanələri yaralıların təxliyə edilərək “Azovstal”dan çıxarılmasını istəyirlər. Ruslar isə hələ ki bu duruma biganəlik göstərirlər. Onlar düşünür ki, bu vasitə ilə onları təslim olmağa məcbur edə bilər.

Bu gün Rusiya aviasiyası bir gecədə Ukrayna ordusunun 100-ə yaxın obyektini, o cümlədən 2 komanda məntəqəsini, 69 qoşun cəmləşdirmə məntəqəsini vurdu. Hava Hücumundan Müdafiə Qüvvələri gecə saatlarında Ukraynanın 9 pilotsuz təyyarəsini vurdu. Luqanskda Yujnı və Voevodovka qəsəbələri, “Zarya” barıt zavodu nəzarətə götürüldü.

Son günlər Rusiya siyasi-hərbi elitasında müharibənin davamı və itkilər üzərindən ciddi fikir ayrılıqları yaranır. Generallar Ukraynada şəxsi heyətin itkilərinin sayını ört-basdır edirlər. Onlar bu barədə həqiqi məlumatların verilməməsini çıxış yolu kimi görürlər. Ukraynadakı “hərbi əməliyyat”ın dalana dirənməsi və cəbhədə uğurlu nəticənin əldə edilməməsi Baş Qərargah generalları arasında ciddi çəkişmələrə səbəb olur. Rusiya BQR-nin vəzifədən uzaqlaşdırılması bu intriqaları daha da artıracaq. Baş Qərargahda generallar təsir dairələri uğrunda ciddi mübarizə aparırlar. Kremldaxili hansı qruplaşmanın adamının Baş Qərargah rəisi olacağı esteblişmentin əsas gözləntisidir. Eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin Birinci Tank Ordusunun komandanı da vəzifəsindən uzaqlaşdırılıb. İzyum istiqamətindəki uğursuz əməliyyatlara görə ona “vətənə xəyanət” maddəsilə cinayət işi qaldırıldığı da ehtimal olunur. Əslində, baş verənlər Kreml rəhbərliyinin 77-ci günün nəticəsində öz SQ-nin fəaliyyətinə verdiyi qiymətidir. Ordu bu mərhələdə “imtahan”dan kəsilmiş görsənir. İndi yeni hərbi rəhbərliyə ehtiyac yaranıb. Növbəti “imtahan”da hansı generalların bu məsuliyyətləri öz üzərinə götürəcəyini önümüzdəki günlərdə görəcəyik.

Ola bilsin ki, Gerasimova daha bir şans da verilə. Bu dəyişikliyin baş verəcəyiini Ukraynanın böyük uğurunun kiçik başlanğıcı kimi də oxumaq olar. Uğursuzluqların məsuliyyətini heç bir general öz üzərinə götürmək istəmir. Vəziyyətə ciddi təsir də göstərə bilmirlər. Taktiki uğurlar 77-ci gündür ki, əməliyyat uğuruna çevrilə bilmir. Həm şəxsi heyətin, həm də hərbi texnikanın böyük itkisinə baxmayaraq, Rusiya siyasi-hərbi rəhbərliyinin Ukraynada müharibəni dayandırmaq istəyindən əlamət yoxdur. Gizli səfərbərliyin aparılması, xüsusən də hərbi məktəblərin kursantlarının müharibəyə cəlb edilməsi sıradan bir hal alıb.

Azərbaycanın apardığı 44 günlük müharibədə də generalların vəzifədən kənarlaşdırılması halları oldu. Hətta müharibə aparan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edildi, iki korpus komandiri də eynilə vəzifəsindən kənarlaşdırıldı. Məsələ ondadır ki, bu addımlar ordunun döyüş qabiliyyətinə heç bir təsir etmədi. Hətta yaxşı mənada təsir etdiyini də demək olar. Məsələ ondadır ki, orduda bu addımlar atılanda generalların vəzifə savaşı olmadı. Əksinə, hər bir general bir istiqamətə köklənmişdi. Rusiyada isə belə olmadığı görünür. Onların başı Ukrayanadan daha çox kresloya qarışıb.

Bu gün beynəlxalq siyasətdə də Rusiyanı məyus edəcək bir ilk yaşandı. Çexiya Senatı Rusiya ordusunun Ukraynada törətdiyi cinayətləri Ukrayna xalqının soyqırımı kimi tanıdı. Düşünürəm ki, bu akt digər ölkələri də analoji addım atmağa sövq edəcək. Bu da ruslar üçün əlavə psixoloji diskomfort yaradacaq

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hələ də Kiyevi ələ keçirmək planlarından əl çəkmədiyini düşünür. Onlar düşünür ki, rusların əsas planı Odessa, Nikolayev və qismən Zaporojye vilayətlərinin ərazisini nəzarətə götürərək Moldovanın Dnestryanı bölgəsinə quru dəhlizi yaratmaqdan ibarətdir. Eyni zamanda, onlar düşünür ki, ruslar Kiyevin, mərkəzi Ukraynanın ələ keçirilməsini, Rusiyayönümlü qüvvələrin hakimiyyəti altında qanunvericilik və icra orqanlarına təkrar seçkilərin keçirilməsini, yeni dövlət qurumunun yaradılması və onun Rusiyaya daxil edilməsini planlayırlar.

Əgər Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusların mümkün planlarını belə qiymətləndirirsə, demək ki, buna qarşı da cavab tədbirləri hazırlayıblar.

Bu planların o qədər də real olmadığını düşünürəm. İstənilən plan ola bilər. Bir də plan yerinə yetirilə bilən olmalıdır. Bu planları yerinə yetirmək üçün rusların güc və vasitəsi yetərli deyil.

Rusların mümkün fəaliyyətlərinin buna uyğun davam edib-etməyəcəyini və Ukraynanın buna qarşı atacağı addımları önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

862
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv