Rusiyadan Azərbaycana QARABAĞ TƏZYİQİ: “İlham Əliyev buna razılıq vermədiyi üçün…” – Natiq Cəfərli

“Rusiya Azərbaycandan Avrasiya və Gömrük İttifaqına, “ODKB”yə üzv olmağı tələb edir. Prezident İlham Əliyev doğru olaraq buna razılıq vermir”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistandan Xankəndiyə silahların, əsgər və zabitlərin daşınmasına münasibət bildirən REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirib.

Onun fikrincə, Xankəndiyə cəmi bir yol var. Bu yol Laçından, Şuşanın yaxınlığından keçir. Bunun adına “koridor” demək olmaz. Çünki o yola “koridor” statusu verən heç bir rəsmi sənəd yoxdur:

“Həmin yol tam olaraq Rusiya nəzarətindədir, bizim nə əsgərimiz, nə sərhəd qoşunlarımız, nə gömrüyümüz o yola nəzarət edir. Deməli, ölkənin bir hissəsində bizim suverenliyimiz təmin edilməyib. Yola Rusiya nəzarət edirsə, son günlər Ermənistandan Xankəndinə daşınan əsgər və zabitlər, silahlar Kremlin icazəsi ilə ora yığılır. Əgər bunu Kreml edirsə, deməli, nəsə planı var”.

Natiq Cəfərli vurğulayıb ki, Ermənistandan Qarabağa erməni hərbçilərinin keçidində Kremlin əli olmasa da, bir sıra planları ola bilər:

“Hədəf Paşinyandır. Hərbi məğlubiyyət və seçki ilə Nikola qalib gələ bilməyən Kreml indi yeni, daha ağır məğlubiyyətlə Paşinyanı üzbəüz qoyaraq Ermənistan siyasi elitası və cəmiyyətinin Qərb sevgisini tamam məhv etmək istəyir. Ermənilər o vəziyyətə düşür ki, Rusiyanın tərkibinə keçməyə, “İttifaq Dövlətinin” yaranmasına razı olur, hətta bunu tələb edir.

Digər hədəf Azərbaycandır. Rusiya Azərbaycandan Avrasiya və Gömrük İttifaqına və “ODKB”yə üzv olmağı tələb edir. Prezident İlham Əliyev doğru olaraq buna razılıq vermir və ona görə də Kreml indi Qarabağda ermənilərin əli ilə əks-həmlə əməliyyatı hazırlayır, bir neçə uğurlu hərbi əməliyyat keçirir, Azərbaycanı o təşkilatlara üzv olmağa məcbur edir və paralel olaraq da Ermənistanda cəmiyyətdə itirilən nüfuzunu bərpa edərək yenə xalqı Qərb yolundan dönməyə sövq edir.

Hədəflərdən biri də Türkiyədir. Hər kəsə məlumdur ki, Rusiya ilə Türkiyənin maraqları, demək olar ki, hər addımda toqquşur, “mehriban düşmən” modunda olmağa məcburdurlar. Türkiyənin Azərbaycanda, ümumən Cənubi Qafqazda nüfuzunun artması Moskva üçün qəbuledilməzdir. Qarabağda gərginliyi artıraraq Kreml birbaşa Türkiyə ilə bazarlığa oturur, Qarabağ o bazarlığın sadəcə parçasından biri olur. Moskva və Ankara öz problemlərini həll edir, biz isə bu razılaşma ilə barışmaq zorunda qalırıq”.

N. Cəfərli hesab edir ki, hər üç variant Azərbaycan üçün təhlükə mənbəyidir:

“Bu tələyə düşməmək üçün artıq çox sürətlə qəliz idarəetmə mexanizmi yaradılmalı, Parlamentin özəlliyi və statusu artırılmalıdır. Biz millət və dövlət olmaq üçün dönüm nöqtəsindəyik, ağır imtahan qarşısındayıq. Bu mərhələdən bizi ancaq “Çanaqqala” ruhu çıxarda bilər. İlham Əliyev məsuliyyət və səlahiyyət bölgüsünə incə şəkildə getməlidir ki, bu bəlaları atladaq”.

Gülşən Şərif