Rusiyadan sülh prosesinə AQRESSİV YANAŞMA: "Moskva post-sovet məkanında konfliktlərin heç birinin..." - ŞƏRH
“ABŞ məsələnin həllində bu ölkənin hər hansısa rolunu görmədiyini və tərəflərlə birbaşa işlədiyini xüsusi olaraq vurğulayır”.
Bu sözləri ABŞ Dövlət Departamentinin Azərbaycan və Ermənistan arasında sülh sazişindən bəhs edən çıxışına münasibət bildirən siyasi ekspert Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında qeyd edib.
O bildirib ki, Vaşinqtonun yanaşmasına əsasən proseslərdə üçüncü tərəfin hər hansısa iştirakı nəticə etibarilə həmin tərəfə məxsus maraqların ortaya çıxmasına zəmin yaradır:
“Bəlli olduğu kimi, Rusiyanın daha qabarıq şəkildə nəzərə çarpan və artıq rəsmi olaraq da dilə gətirdiyi bir mövqeyi var. Rusiya elə hesab edir ki, indiki şəraitdə Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi tələsik atılmış addımdır və bu da prosesə mənfi təsir edə bilər. Beləliklə də gələcək faciələrə yol açıla bilər.
Bu, Rusiyanın ənənəvi yanaşma tərzidir. Təbii ki, bu fikirlər məqsədyönlü xarakter daşıyır. Çünki rəsmi Moskva ümumiyyətlə, post-sovet məkanında konfliktlərin heç birinin tam həllini arzulamır. Sadəcə olaraq Rusiya tərəflər arasında vasitəçi rolunu versiya kimi seçib. Bununla da regionda öz təsir imkanlarını bu və digər yollarla saxlamağa çalışır. Azərbaycanla Ermıənistan arasında münasibətlərin tam normallaşması nəticə etibarilə artıq üçüncü tərəflərin regiondan uzaqlaşmasına zəmin yaradır. Çünki bu gün regiona müdaxiləyə imkan yaradan yeganə faktor iki ölkə arasında münasibətlərin normal olmamasıdır.
ABŞ Dövlət Departamenti sözçüsü çıxışı zamanı Rusiya ilə bağlı verilən suala cavab verərkən qabarıq şəkildə qeyd edir ki, məsələnin həllində bu ölkənin hər hansısa rolunu görmədiyini və tərəflərlə birbaşa işlədiyini xüsusi olaraq vurğulayır. Bu fikir də öz növbəsində məqsədyönlü proseslərdə üçüncü tərəfin hər hansısa iştirakı nəticə etibarilə həmin tərəfə məxsus maraqların ortaya çıxmasına zəmin yaradır.xarakter daşıyır. Belə ki, Vaşinqtonun hazırkı yanaşmasında Azərbaycan və Ermənistan arasında normallaşma prosesi heç bir müdaxilə olmadan aparılmalıdır. Açıqlamadan belə çıxır ki, sözügedən proses hətta Birləşmiş Ştatların özünün belə müdaxiləsi olmadan həyata keçirilməlidir. Sülh müqaviləsi məhz iki ölkənin istəkləri və qarşılıqlı maraqları kontekstindən həyata keçirilməlidir.
Rusiya isə belə hesab edir ki, prosesdə vasitəçi funksiya onun üzərinə düşməli və zamanla müəyyən addımların atılması üçün şərait yaratmalıdır. Eyni zamanda istədiyi vaxt tərəflərdən birinə üstünlük verərək, onları asılı vəziyyətə salaraq, nüfuzunu göstərməyi hədəfləyir. Aradakı əsas fərqlər bundan ibarətdir.
Hazırda Rusiyanın məsələyə bu qədər aqressiv yanaşması və Xarici İşlər Nazirliyi səviyyəsində gedişatı bu cür dəyərləndirməsi sadəcə olaraq öz ambisiyalarının diplomatik normalara uyğun olmadığından xəbər verir. Bu, çox aqressiv yanaşma tərzidir və nəticə etibarilə bu aqressiya Rusiyanın regionda mövqelərinin möhkəmlənməsindən heç də xəbər vermir”.
Yusif Səmədzadə