Rusiyanın illər sonra Zelenski ilə bağlı "yumşalma"sı: Qələbə, yoxsa məğlubiyyət?

media-hightechnic-468x90

2022-ci ildə Rusiya lideri Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskiyə xitabən sərt ritorika ilə “narkoman”, “nasist başı” kimi təhdid dolu ifadələr işlədirdisə, hazırkı mərhələdə “cənab Zelenski” deyərək xitab edir.

media-banner_tuq

Bəs illər ərzində nə dəyişdi? Zelenski necə Putinin gözündə “narkoman”dan “cənab”a çevrildi? Bu sualların cavabını politoloq Sahil Kərimli Yenicag.az-a şərh edib:

“Rusiya-Ukrayna müharibəsinin başladığı ilk günlərdə Putin hakimiyyətinin daha aqressiv, sərt və Ukrayna prezidentini aşağılayan bəyanatlarına rast gəlirdik. Müharibənin gedişi onu göstərdi ki, Rusiya Ukrayna ilə müharibədə düzgün hesablamalar aparmayıb və ya qarşı tərəfin gücünü real qiymətləndirə bilməyib. Müharibə bir neçə ildir davam edir. Rusiya tez bir zamanda qarşıya qoyulan tapşırıqları uğurla başa çatdıracağını bildirsə də, Ukraynanın necə böyük dirəniş göstərdiyini və hərbi cavablar verdiyini açıq-aydın görürük. Əvvəllər Rusiyanın hərbi gücü dünya tərəfindən yüksək qiymətləndirilir, Ukrayna isə ikinci planda qalırdı. Lakin Ukrayna böyük müqavimət göstərərək Rusiyaya ciddi zərbələr endirdi. Artıq tərəflər danışıqlar masasına dəfələrlə oturub müharibənin başa çatdırılması üçün müxtəlif tələb və təkliflər irəli sürüblər. İlk dövrlərdə aqressiv bəyanatlar verən Rusiyanın indiki məqamda daha yumşaq ritorika seçməsinin səbəbi ciddi hərbi itkilər verməsidir. Rusiya iqtisadiyyatı müharibə ucbatından tənəzzülə uğrayıb. Rusiya nə qədər özünü qalib kimi göstərməyə çalışsa da, müharibəni tezliklə yekunlaşdırmaq niyyətindədir. Buna görə də Putin müəyyən diplomatik yollar və yumşalmış ifadələrlə vəziyyəti düzəltməyə çalışır, “narkoman” dediyi Vladimir Zelenskiyə “cənab Zelenski” deyə müraciət etməyə məcbur qalıb”.

S.Kərimli qeyd edib ki, hər iki tərəfin ciddi itkiləri onları sülh müqaviləsinə doğru aparır:

“Doğrudur, Rusiya Ukraynanın böyük bir hissəsini işğal edib, ölkə ciddi dağıntılara və infrastruktur problemlərinə məruz qalıb. Rusiyanın da ciddi itkiləri mövcuddur, amma bu müharibədə hansısa tərəfin tam qalib gələcəyini təxmin etmək hazırda mümkün deyil. Son nəticə danışıqlar masasında və ya imzalanacaq sülh müqaviləsi ilə məlum olacaq”.

 Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05