Rusiyanın VAZKEÇMƏZLİYİ: “Sülhməramlılar Qarabağa yerləşməsəydi…” – ŞƏRH

“SSRİ dağılan ərəfədə yalnız Azərbaycanda yox, tərkibində fəaliyyət göstərən bir çox respublikada münaqişə ocaqları yaradılıb”.

Bunu Rusiyanın Qarabağ marağını şərh edən politoloq Vüqar Qadirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistan əl çəksə də, Rusiyanın Qarabağdan vaz keçməməsi sual yaradır:

“Qarabağ münaqişəsinin mənbəyi Rusiyadır. SSRİ dağılan ərəfədə yalnız Azərbaycanda yox, tərkibində fəaliyyət göstərən bir çox respublikada münaqişə ocaqları yaradılıb. Təəssüf ki, münaqişə ocaqlarının közü hələ də soyumayıb.

Rusiya Ukrayna savaşında uğur qazansaydı Cənubi Qafqaz regionunda vəziyyətimiz ürəkaçan olmazdı.

Hazırda Rusiya imperialist maraqlarını həyata keçirmək yolunda son çırpıntılarını yaşamaqdadır. Çünki Rusiya Ukraynada acı məğlubiyyətə uğrayıb. Ukraynada atəşkəs elan etməsinə baxmayaraq üstünlüklə müharibəni bitirmək istəyir.

Ermənistanın Qarabağdan əlini üzməsinin səbəbi 44 gün davam edən müharibədə məğlubiyyətidir.

Kapitulyasiya aktına imza ataraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda Azərbaycanın qətiyyətli cavabını görən Ermənistan hansı aqibətlə üz-üzə qaldığını dərk edir.

Əgər Rusiya sülhməramlı adı altında Qarabağa yerləşməsəydi məsələ çoxdan həll olardı. Rusiyanın imperialist siyasəti nəticəsiz qalacaq”.

Nəsimi Ələsgərli