!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibkarlara ayrılan dövlət vəsaitinin AQİBƏTİ: “Bəzi nazirlər qeyri-rəsmi biznesmendirsə...” – Keçmiş deputat

!Reklam – Yazi

“Özəl sektora ayrılan dövlət vəsaitlərinin hesabatı yoxdursa, deməli, qəbul olunan qərarlar şəxsi maraqlara xidmət edir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus pandemiyası ilə əlaqədar sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılmasına münasibət bildirən sabiq millət vəkili Nazim Bəydəmirli deyib.

Nazim Bəydəmirlinin sözlərinə görə, Azərbaycanda sahibkarlığın problemi sadəcə, pandemiya ilə bağlı deyil. Bu səbəbdən, sahibkarlara müəyyən maddi yardım göstərməklə, onların problemini aradan qaldırmaq imkan xaricindədir:

“Pandemiyadan əvvəl və indiki dönəmdə dövlətin sahibkarlara dəstək verməsi normal haldır. Bu addımı müsbət dəyərləndirmək lazımdır. Lakin Azərbaycan sahibkarlığının problemi heç də sadəcə, pandemiyadan qaynaqlanmır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onların təhlükəsizliyi qorunmalı, iqtisadiyyatda inhisarçılıq aradan qaldırılmalı və maliyyə vəsaitinin əlçatanlılığı təmin edilməlidir.

Maliyyə vəsaitləri baha olan ölkələrdə sahibkarlığın inkişafı mümkün deyil. Eyni zamanda, sahibkarlıq üçün yaradılan ən böyük problem dövlət qurumlarının müxtəlif sektorlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Çünki bir sıra nazirliklərin nəzdində müxtəlif Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) yaradılıb. Hansı ki bu MMC-lərin mövcudluğu “Antiinhisar fəaliyyəti haqqında” qanunun tələblərinə tamamilə ziddir. Çünki özəl sahələrdə dövlət qurumlarının birbaşa iqtisadi fəaliyyətlə məşğul olmaları qanunla qadağandır”.

İqtisadçı bildirib ki, dövlət qurumları qanunvericilikdə olan boşluqlardan yararlanaraq, büdcə vəsaitlərini səmərəsiz işlərə yönəldirlər:

“İstənilən subsidiyaların verilməsində və istifadəsində qaranlıq məqamların olmaması üçün ölkənin biznes mühitində şəffaflıq yaradılmalı, sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin qanun qarşısında bərabərliyi pozulmamalıdır.

Əgər Nazirlər Kabinetinin bəzi üzvləri qeyri-rəsmi “biznesmen”dirlərsə və sahibkarlıq fəaliyyəti ilə məşğul olurlarsa, o halda, sahibkarlar üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin onların z şirkətlərinə yönəldilməsi təəccüb doğurmamalıdır. Bu vəziyyət əlbəttə ki, ürəkaçan deyil.

Ona görə də ümumilikdə dövlətin bu qaydada pul paylamasına normal yanaşmıram. Əgər subsidiya verilirsə, şəffaflıq çərçivəsində hesabatlılıq olmalı və ictimaiyyət dövlət vəsaitlərinin hansı şirkətlərə verildiyini bilməlidir. Dövlət vəsaiti ictimai vəsait hesab olunur və ortada hesabat yoxdursa, deməli, qəbul olunan qərarlar şəxsi maraqlara xidmət edir”.

Gülşən Şərif

COP29

www.yenicag.az

3215
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv