28 il ərzində şəhər və kəndlərimizin düşmən tapdağı altında qalmasının acısını yaşamışıq. O illərin hər günü dəyərlərimizi, tarixi yaddaşımızı sınağa çəkirdi. İşğalçı Ermənistan və havadarları heysiyyətimiz və səbrimizlə oynayır, milli ləyaqətimizi məqsədli şəkildə təhdid edirdi.
Ermənistan rəhbərliyinin həyasızlığı və beynəlxalq hüququ saymazlığı o yerə çatmışdı ki, indi bəzilərinin az qala “demokratiya etalonu” kimi dünyaya sırıdıqları N.Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə təkcə biz Azərbaycanlılara deyil, beynəlxalq hüququn fundamental prinsiplərinə və BMT səviyyəli qətnamələrə də həqarət edirdi. Yalnız “Dəmir Yumruğun” gücünü hiss etdikdən sonra Ermənistan və himayədarları anlamağa başladılar ki, Azərbaycanın səbri onların düşündüyü kimi, hüdudsuz deyil.
Həqiqətən, tarixi günlər yaşayırıq. Şuşadan ucalan Azan səsi, Xanın kəndində dalğalanan Azərbaycan Bayrağı, keçmiş məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıdaraq Qarabağ və Şərqi Zəngəzurda yenidən məskunlaşması Ermənistana və havadarlarına, sözün həqiqi mənasında, gözdağı verir. Bədxahlarımız artıq dərk edirlər ki, Azərbaycana təzyiq etmək üçün nə qədər çabalasalar da, xislətlərinə xas olan hansı iyrənc üsullardan istifadə etsələr də, Azərbaycan Prezidentini haqlı və ədalətli mövqeyindən çəkindirə bilməyəcəklər. Çünki Prezident İlham Əliyevin mövqeyi Azərbaycan xalqının iradəsini əks etdirir və Ermənistan rəhbərliyindən fərqli olaraq, gücünü xarici dairələrdən deyil, öz xalqından alır. Elə həmin dairələrin dəstəyi və təhriki ilə ermənilər işğal dövründə ümid edirdilər ki, xalqımız sonda bezəcək və xarici basqıların, təzyiqlərin təsiri altında işğal faktı ilə barışmalı olacaq. Amma həyat sübut etdi ki, bədxahlarımız hesablamalarında yalnız özlərini aldadıblar və 30 il qədər gərəkli zamanı xam xəyallara sərf ediblər.
Buna görə də Ermənistan üçün faydalı o olardı ki, Prezident İlham Əliyevin oktyabrın 17-də Füzulidən verdiyi bu mesajdan daha məsuliyyətli nəticə çıxarsın:
“İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq”.
Bədxahlarımızın məkrli planlarını iflasa uğradan bu gerçəklik qədər indi onları məyus edən odur ki, Azərbaycan heç kimdən kömək ummadan, yalnız daxili imkanları hesabına Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa-quruculuq işlərinə start verib, Böyük Qayıdışla bağlı Dövlət Proqramının birinci mərhələsi uğurla icra olunmaqdadır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilən ərazilərlə bağlı təsis olunmuş günlər sırasında Qubadlı Şəhəri Günü də var. 25 oktyabr tarixinin mənim üçün özəlliyi həm də ondadır ki, Qubadlı ata-baba yurdumdur. İşğal dövründə torpaq həsrəti ilə dünyasını dəyişən minlərlə Qubadlı sakini kimi, Qubadlını azad görmək atama da nəsib olmadı. İnanıram ki, indi onların ruhları şaddır, şəhidlərimiz başda olmaqla Allah hamısına rəhmət eləsin.
Tarixi Zəfərdən, xüsusilə birgünlük antiterror tədbirindən sonra xarici dairələrin bəziləri, ilk növbədə, Ermənistanın havadarları Azərbaycana cağırış edirlər ki, olub-keçənləri unudaq. Amma necə unutmaq olar ki, milyona yaxın həmvətənimiz kimi, 29997 nəfər Qubadlı sakini də uzun illər boyunca köçkün tək yaşamaq məcburiyyətində qalmışdı. Təkcə Qubadlıda 94 yaşayış məntəqəsi, o cümlədən 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial təyinatlı müəssisə, 161 mədəniyyət ocağı, 16 körpü ermənilər tərəfindən işğal dövründə ya tamamilə dağıdılıb, ya da istifadə üçün yararsız vəziyyətə salınıb. 1080 kənd təsərrüfatı müəssisəsi, 650 km uzunluğunda avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətti, 4830 kilometrlik elektrik və 165 km magistral qaz boru xəttləri, 9 tikinti və 4 yol idarəsi, 18 dəyirman, 4 ədəd su nasos stansiyası, 120 elektrik yarımstansiyası və onlara aid olan transformatorlar tamamilə sıradan çıxarılıb. Etnik və dini nifrət təbliğatı vandalların şüurunu o qədər zəhərləyib ki, Qubadlıda 7 məscid, məzarlarımızın əksəriyyəti dağıdılaraq təhqir edilib. Dəhşətli olan odur ki, bu cür qeyri-insani davranışa yol verənlərə vandal, vəhşi qəbilə təfəkkürlü toplum dedikdə, nədənsə onların hamiləri bizləri sərt ritorikada ittiham edirlər. Dinindən, irqindən və milliyyətindən asılı olmayaraq, vəhşilik edənləri öz adı ilə çağırmamaq, məncə, başqa çoğrafiyalarda eyni hərəkətləri təşviq etmək, belə əməllərə görə cəzasızlıq mühitini stimullaşdırmaq deməkdir.
Törədilən dağıntıların miqyasına baxmayaraq, digər şəhər və rayonlarımız kimi, Qubadlı da yenidən qurulur, böyük infrastruktur layihələri icra edilir. Artıq ilk yaşayış məhəlləsinin, 600 şagird üçün orta məktəbin, 91 çarpayılıq mərkəzi xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulmasına başlanılıb. Zabuxçay və Bərgüşadçay su anbarlarının, 35 kilovoltluq yarımstansiyanın və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisinə də start verilib. Dağıdıcı və qurucu tərəflər arasında fərqi görmək üçün Qarabağa və Şərqi Zəngəzura səfər etmək kifayətdir. Bu, həm də çağırılmamış “qonaqla” əzəli sahiblər arasındakı fərqin əyani nümayişidir. 30 il ərzində Ermənistanın yanında yer alıb işğalçıya yardım edənlər indi nədənsə quruculuq işlərimizdən narahatdır. Onların fitnəkarlığı və siyasi fəndgirliyi qərəzli qətnamə və bəyanatlarla həqiqəti yalnız kağız üzərində təhrif etməyə, Azərbaycanın haqlı mövqeyinə çamur atmağa yetir. Amma bədxahlarımız hansı iyrəncliyə bulaşsalar da, təkzibolunmaz reallıq ortadadır.
Prezident İlham Əliyev beynəlxalq hüquqa və tarixi ədalətə söykənən reallığı oktyabrın 17-də Füzuli şəhərində bir daha səsləndirdi:
“Qoymadıq ki, Qarabağ mövzusu silinsin. Halbuki bunu bizə aşılamaq istəyən bir çox ölkələr, qüvvələr var idi, yəni, barışmaq lazımdır, Ermənistanla əməkdaşlığa başlamaq lazımdır. Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı! Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir”.
Ülvi Quliyev
Milli Məclisin deputatı
www.yenicag.az