!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Səbail-2" - MOİK matçı qumara qoyuldu - FOTOFAKTLAR

!Reklam – Yazi

Azərbaycan futbolunda oyun alqı-satqısı ilə bağlı qalmaqallar səngimək bilmir.

Yenicag.az xəbər verir ki, bu gün futbol üzrə Azərbaycan çempionatının birinci divizionunun VII turu çərçivəsində keçirilən “Səbail-2” – MOİK matçının qumara qoyulması ilə bağlı ciddi şübhələr var.

Məsələ burasındadır ki, oyunun ilk hissəsinin son dəqiqələrinə yaxın bukmeker kontorlarında ikinci hissənin bolqollu keçəcəyinə dair  əmsallar fantastik dərəcədə aşağı enib.

Əgər ilk hissənin sonuncu dəqiqəsində 2,5 üst 2,60 əmsalla dəyərləndilirdisə, fasilədə bu əmsal 1,80-ə enib.

Bundan başqa MOİK-in 3+ qol vuracağı ilə bağlı əmsal 3,50-dən 1,90-a qədər düşüb. Maraqlıdır ki, bukmeker kontorları ilk hissənin sonlarında “Səbail”in 0.5 üst-ünə 3,20 verirdisə, fasilədə bu əmsal 7.25-ə qədər yüksəlib.

Görünür, kimsə oyunun ikinci hissəsinin daha hərəkətli keçəcəyinə dair yüksək məbləğdə mərc edib. Belə olan halda bukmeker kontorları “Səbail-2” – MOİK matçını şübhə altına alıb. Bunun nəticəsi kimi bütün bukmeker kontorları həm fasilə, həm də ikinci hissənin sonlarına yaxın sözügedən qarşılaşma üçün mərcləri qəbul etməyib.

İkinci hissənin start fitindən sonra şübhələr özünü doğrultmağa başlayıb. MOİK 56-cı dəqiqədə penaltidən fərqlənib. Cərimə meydançasının daxilində qaydanı pozan “Səbail-2″nin futbolçusuna isə qırmızı vərəqə göstərilib. Bu matça qədər keçirdiyi 6 oyunda cəmi 10 qol vuran “hərbçilər” 4 dəqiqə sonra hesabı 3:0-a çatdırıb.

77-ci dəqiqədə isə bu dəfə penaltidən fərqlənən “Səbail” olub. Maraqlıdır ki, bu dəfə MOİK-in futbolçusu qırmızı vərəqə alaraq meydandan qovulub. Anormallıq ondan ibarətdir ki, fasilə zamanı “Səbail”in azı bir qol vuracağı 7.25 əmsalla dəyərləndirilirdisə, 70-ci dəqiqədə bu əmsal 3.50-ə düşüb. Buna qədər bakılılar həm azlıqda, həm də hesabda 0:3 geridə olub. Əmsal fantastik dərəcədə aşağı enəndən sonra “Səbail-2” kimlərəsə lazım olan qolu vurub. Özü də penaltidən…

Hər halda bütün bunlar çox ciddi ittihamlardır. Çox güman ki, bukmeker kontorları da bu oyunla bağlı UEFA-ya məktub ünvanlayacaqlar. O məktubdan AFFA-ya da gələcəyi istisna deyil. Bu səbəbdən həm AFFA, həm də hüquq-mühafizə orqanları sözügedən qarşılaşmanı analiz edib, ciddi nəzarətə götürməlidirlər. Əks halda Azərbaycan futbolunda biabırçılıqlar davam edəcək.

Emin Səfərov 

 

www.yenicag.az

3795
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv