Londonlular şeytanın ayağını SINDIRA BİLDİ – 17 ildən sonra gələn İLK ÇEMPİONLUQ
Dünən Avropanın ən böyük futbol turnirlərindən biri olan UEFA Avropa Liqası başa çatdı. İspaniyanın məşhur “San Mames” stadionunda iki ingilis təmsilçisi “Manchester United” və “Tottenham Hotspur” klubları üz-üzə gəldi. Həlledici qarşılaşma londonluların 1-0-lıq minimal hesablı qalibiyyəti ilə başa çatdı. Londonluların heyətində Brennan Conson 42-ci dəqiqədə fərqlənərək klubun 17 illik titul həsrətinə son qoydu.
Yenicag.az xəbər verir ki, bu haqda “Goal” portalı məlumat yayıb.
Nəşr yazır ki, uzun illər davam edən həsrətə son qoyan ingilis futbolçu oyundan sonra media nümayəndələrinə verdiyi açıqlamada klubun və azarkeşlərin uzun müddət tənqidlərə məruz qaldığını vurğulayaraq, bu tarixi sevinci onlarla paylaşmaqdan məmnun olduğunu bildirib:
“Hazırda çox xoşbəxtəm. Premyer Liqada mövsüm istədiyimiz kimi irəliləmirdi, amma biz artıq buna əhəmiyyət vermirik. Bu klub 17 ildir ki titul qazana bilmirdi və bu bizim üçün böyük məna kəsb edirdi”, – deyə o öz fikirlərini bildirib.
Londonluların qəhrəmanı həmçinin əlavə edib:
“Uzun zaman titul qazana bilmədiyimiz üçün biz və azarkeşlərimiz tənqid olundu. Bu lənətə son vermək üçün çempion olmalı idik və biz bunu bacardıq, çox xoşbəxtəm. “Tottenham”a ilk dəfə gələndə klubun tarixinə və böyüklüyünə bələd idim, lakin tamamlanmamış missiyamız var idi. Bu gün missiyanı tamamlayaraq yenidən adımızı tarixə yazdı”.
Qeyd edək ki, Şimali London təmsilçisi sonuncu dəfə 2008-ci ildə İngiltərə ölkə kubokunun (FA Cup) qalibi olmuşdu.
Göycə Göycəyev