!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfər Mehdiyev "məmur sahibkarlığı"nı necə qoruyur? - Gömrük Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirilməlidir...

!Reklam – Yazi

Prezident İlham Əliyevin əsas prioritet siyasətlərindən biridir və dövlət bununla bağlı bütün imkanlarını səfərbər edib. Amma Dövlət Gömrük Komitəsinin fəaliyyəti nəinki sahibkarlığın, ümumiyyətlə fərdi vətəndaşların belə fəaliyyətinə qənim kəsilib.

Hazırda hansı sahibkardan soruşsanız, ilk narazılıq etdiyi qurum Dövlət Gömrük Komitəsi olacaq. Çünki sahibkarların ölkəyə gətirdiyi mallara qoyulan rüsumlar dəhşətlidir. Misal üçün, bir avtomobil, məişət əşyası, yaxud hansısa məhsulu xarici ölkədən alıb gətirmək üçün gərək həmin malın qiyməti qədər, bəzən də daha çox rüsum ödəməlisən.

Halbuki, real rüsum məhsulun dəyərlərinin 20 faizi olmalıdır. Belə ki, əgər 5 min dollar dəyərindəki avtomobili ölkəyə gətirmək istəyirsinizsə, bunun 20 faizini rüsum olaraq ödəməlisiniz. Bu, məhsulu istehsal edən şirkətin invoys-rəsmi bank sənədinə görə hesablanmalıdır. Lakin Dövlət Gömrük Komitəsi bunu qəbul etmir və alınan malın qiyməti qədərində, hətta bundan da çox rüsum alır. Yəni, 5 min dollara avtomobil almısınızsa, 5-10 min dollar da rüsum ödəməlisiniz.

Bu, təkcə avtomobillərə, yaxud hansısa məhsula deyil, ümumiyyətlə sahibkarların ölkəyə gətirdiyi bütün məhsullara aiddir. Nəticədə sahibkarlar mənfəət əldə edə bilmir, iflasa uğrayır.

Eyni siyasət fərdi vətəndaşların ölkəyə gətirdiyi mallara da aid edilir. Misal üçün, vətəndaş xaricdən 100 dollara hansısa avadanlıq gətirirsə, Dövlət Gömrük Komitəsi həmin məhsulun daxili bazardakı qiyməti qədər invoys tətbiq edir. Yəni, məhsul daxil bazarda 300 dollardısa, invoys da bir o qədər olur.

Bununla yanaşı, vətəndaşlar il ərzində çox məhdud sayda mal gətirə bilər. Nəticədə insanlar aldıqları malın dəyərindən üç qat çox rüsum ödəməli olurlar və bu, vətəndaşların kasıblaşmasına gətirib çıxarır.

Şübhəsiz ki, gömrük orqanlarının apardıqları fiskal siyasət insanları daha da kasıblaşdırır və onlar daha çox ödəməyə məcbur edilirlər. Həmin vergi ödəyiciləri isə hər zaman vətəndaşlar olur və sahibkarın bəyannamə qiyməti şişirdilir, artırılmış vəsait maya dəyərini müəyyənləşdirir və beləliklə, vətəndaşlar kasıblayır.

Lakin sual yaranır: Dövlət Gömrük Komitəsi sahibkarların və vətəndaşların ölkəyə mal gətirməsini bu qədər məhdudlaşdırırsa, xarici istehsal olan malların daxili bazarda satışı necə və kimlər tərəfindən həyata keçirilir?

Bu sualın cavabı Dövlət Gömrük Komitəsinin ölkədə monopoliyaya və “məmur sahibkarlığı”na dəstəyidir. Çünki sahibkarlara və vətəndaşlara qoyulan məhdudiyyətlər hansısa məmurlara tətbiq edilmir, nəticədə kiçik qruplar avtomobildən tutmuş məişət avadanlığına, eləcə də digər mallara qədər hər şeyi Dövlət Gömrük Komitəsindən asanlıqla keçirir, daxili bazarda şişirdilmiş qiymətə sata bilirlər. Bunun əsas günahkarı da məhz Dövlət Gömrük Komitəsidir.

Gömrük orqanlarının qarşısında duran vəzifələrdən biri rüsumları və vergiləri toplamaqdır. Gömrük orqanlarının topladığı vəsaitlərin təxminən 78 faizi idxaldan əlavə dəyər vergisi, akzis vergisi və yol vergisidir. Qalan 22 faizi isə gömrük rüsumlarıdır. Həmin vergiləri vergilər xidməti toplamalıdır.

Dövlət Gömrük Komitəsi hər zaman guya daha artıq proqnoz göstəriciləri əldə etdiklərini göstərməyə çalışır və bunu sözügedən orqanın rəhbərliyi bəh-bəhlə cəmiyyətə təqdim edir. Lakin araşdırma nəticəsində məlum olur ki, toplanmış vergilər, şişirdilmiş rüsumlar bəyanna qiyməti hesabına əldə olunub. Bu da ölkədə süni qiymət artımına və sahibkarların iflasına səbəb olur.

Dövlət Gömrük Komitəsi “yaxşı işlədiyini” göstərmək üçün malın qitymətinin üçqatını rüsum olaraq alırsa, onu gətirən sahibkar qazanc əldə etmək üçün qiyməti 4 qatına qədər yüksəltməyə məcbur olur.

Digər tərəfdən, monopoliyanın inkişafı nəticəsində daxili bazarda rəqabəti sıradan çıxarır, rəqabət olmadığı təqdirdə, malı ölkəyə gətirən məmur- sahibkarlar istədikləri qiyməti qoya bilirlər.

Dövlət Gömrük Komitəsinin ölkə iqtisadiyyatının qəniminə çevrilən siyasəti haqda yetərincə faktlar var və əminik ki, hər kəs bu və ya digər formada gömrük orqanlarının yarıtmaz fəaliyyətinin zərərini istər xaricdən hansısa malı sifariş verdiyimizdə, istərsə də ölkəyə gətirilən malı aldığımız zaman görüblər.

Bu gün Dövlət Gömrük Komitəsi qohumbazlıqdan, regionçuluqdan qaynaqlanan qurum kimi gülüş obyektinə çevrilib. Bir müddət öncə mediada da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Komitədə fəaliyyət göstərən qohumlarının siyahısı yayılmışdı.

Dövlət Gömrük Komitəsinin nəznində fəaliyyət göstərən “Azterminalkompleks” İstehsalat Birliyinin sədr müavini Zeynal Tarquliyev Səfər Mehdiyevin qaynıdır.

Dövlət Gömrük Komitəsinin tikinti işlərinə iisə Səfər Mehdiyevin digər qaynı İlham Tarıquliyev nəzarət edir. İlham Tarıquliyevin kürəkəni baş inspektor vəzifəsində çalışır. Səfər Mehdiyevin köməkçisi də yaxın qohumudur.

Digər qohumu Məsum Rəsulov Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıq və Gömrük qaydalarının Pozulması ilə Mübarizə üzrə Baş İdarəsinin rəisidir.

Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin İnzibati idarəetmə şöbəsinin rəisi Məhəmməd Mehdiyev Səfər Mehdiyevin qardaşı oğludur.

Dövlət Gömrük Komitəsinin Audit və Təhlil üzrə Baş idarəsinin baş inspektoru da Səfər Mehdiyevin bacısı oğludur.

Dövlət Gömrük Komitəsi sədrinin bacısı oğlanlarından biri Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin baş inspektoru, digəri isə Bakı Baş Gömrük İdarəsində baş inspektorudur.

Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük İdarəsində idarə rəisi olan Rəfail Niftəliyev də Səfər Mehdiyevin yaxın qohumudur.

Səfər Mehdiyevin Gömrük Komitəsində vəzifəyə düzəldiyi qohumlarının sayının yazmaqla bitməz. Demək olar ki, bütün vəzifələrdə olanların Səfər Mehdiyevlə qohumluq əlaqələri mövcuddur.

Ekspertlər də zaman-zaman gömrük orqanlarında islahatların aparılması üçün ilk öncə Dövlət Gömrük Komitəsinin ləğvinin vacibliyini vurğulayırlar.

Dünyanın heç bir ölkəsində Dövlət Gömrük Komitəsi deyilən ayrıca mərkəz yoxdur. Gömrük xidməti orqanı var ki, bu da adından göründüyü kimi vətəndaşlara xidmət edən qurumdur. Bu orqan da hansısa qurumun tərkibində department kimi fəaliyyət göstərir. Bu baxımdan da Dövlət Gömrük Komitəsinin vergilər xidməti ilə birləşdirilməsi bu gün zamanın tələbinə çevrilib. Bu sahədə də şəffaflığın yaradılması üçün Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyinin tabeçiliyinə verilməlidir. Yalnız bu halda gömrük sahəsində şəffaflıqdan danışmaq mümkündür.

Vasif Həsənli
“Demokrat.az” xəbər portalının baş redaktoru

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv