Jalə Əliyeva: “Uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti zəruridir”

media-hightechnic-468x90

 

Tacikistanda yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətlərinin tətbiqi təklifi irəli sürülüb.

Bu addım ölkədə uşaqların internetdən təhlükəsiz istifadəsini təmin etmək məqsədini daşıyır. Azərbaycanda da uşaqların internet və sosial media istifadəsi ilə bağlı narahatlıqlar son illərdə artıb və mövzu yenidən gündəmə gəlir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyətlərinin tətbiqi ölkəmizdə də zəruri ola bilər. Deputat vurğulayıb ki, böyüyən nəslin düzgün formalaşması, əxlaqi dəyərlərinin inkişafı və təhlükəsizliyi baxımından bu addım uşaqların inkişafında müsbət rol oynayacaq:

media-16736969064937146001_1200x630-1

“Bu məsələ artıq uzun müddətdir səslənir. Təbii ki, əlaqədar qurumlar, uşaq müəssisələri və ailələr bu məsələdə diqqətli olmalıdırlar. Böyüyən nəslin düzgün tərbiyə alması və düzgün yönləndirilməsi üçün təhsil, təlim, tərbiyə və maarifləndirmə qədər onların istifadə etdiyi texnoloji resurslar, internet və sosial şəbəkələr də əhəmiyyətlidir. Uşaqların yetişməsi, inkişafı, şəxsiyyət kimi formalaşması, zövqünün müəyyənləşməsi və əxlaqi dəyərlərin formalaşmasında bu amillər çox önəmlidir. Bir zamanlar biz bütün bunları dərs vəsaitləri, əlavə dərs, kitab, oxu materialları, teatr tamaşaları və mədəni tədbirlər vasitəsilə alırdıq. Televiziya ekranları da bu prosesdə rol oynayırdı. Lakin son dövrlər texnoloji vasitələrin istifadəsi uşaqların seçim imkanlarını genişləndirib. Bu gün uşaqlar kitabxanalardan, teatr tamaşalarından və hətta kinoteatrlardan daha çox, əllərindəki telefon vasitəsilə bütün dünyaya çıxış etməyə çalışırlar. Bu, zamanın tələbidir, lakin böyüməkdə olan nəsil hələ tam formalaşmamış beyin, zövq və əxlaqi dəyərlərə malikdir. Ona görə də düzgün yönləndirilməsi çox vacibdir və bu məsələ zaman-zaman gündəmə gəlir”.

Deputat əlavə edib ki, internetin müəyyən yaş hədləri üçün məhdudlaşdırılması və xüsusi proqramların hazırlanması barədə müzakirələr aparılır:

“Bu kimi mövzular kütləvi informasiya vasitələrində, xüsusilə televiziya ekranlarında və ziyalıların müzakirələrində tez-tez yer alır. Milli Məclisdə də zaman-zaman bu məsələ gündəmə gətirilir. Belə məhdudiyyətlərin uşaqların hüquqlarına zidd olmadan, onların formalaşması üçün tənzimlənməsi mümkündür. Biz buna “məhdudiyyət” deməyək; bunu uşaqların formalaşması üçün tədbirlərin bir hissəsi kimi qəbul etmək olar. Daha effektli üsullar və alternativ vasitələr hazırlayaraq uşaqları yanlış istiqamətlərdən qorumaq mümkündür”, – deyə o bildirib.

Jalə Əliyeva qeyd edib ki, uşaqların şəxsiyyət kimi formalaşması və sağlam tərbiyə alması ilk növbədə hər bir ailənin məsuliyyəti daxilindədir:

“Ailə, təlim və tərbiyə müəssisələri uşaqların təlim-tərbiyəsindən, maariflənməsindən və bütöv bir insan kimi formalaşmasından birinci dərəcədə məsuldur. Uşağın nə etdiyi, kiminlə danışdığı və nəyə baxdığı məsələlərində ailənin nəzarəti əsasdır. Məktəbəqədər və təhsil müəssisələri də bu məsələlərdə ciddi nəzarət etməlidir. Eyni zamanda, müəyyən proqramların hazırlanması məhdudiyyətlərin və əlçatmazlıqların tənzimlənməsinə kömək edə bilər”, – deyə deputat qeyd edib.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa