"Müharibə başlayacaqsa, onun dayandırılması çətin olacaq" - POLİTOLOQ
“ABŞ və İsrail İranı diz çökdürməyincə sakit olan deyil”
Bu sözləri İsrail və İran arasında yenidən toqquşmanın olmasına dair iddialar və bunun səbəblərini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynli bildirib ki, İran və İsrail müharibəyə hazırlaşır:
“ABŞ və İsrail İranı diz çökdürməyincə sakit olan deyil. Bütün xristian dünyası da bu məsələdə İsrailə dəstək verir, yaxud bu işə təhrik etməyə çalışırlar.
İran isə müharibəyə hazır olduğunu bəyan edir. Vəziyyət gərgindir. İsrailin özünü bu dərəcədə həyasızcasına aparması bölgəni qatıb-qarışdırır. Hər dəfə ABŞ-yə səfər edən Netanyahu rəsmi Vaşinqtondan dəstək alır. Trampın özü az qala bir əsgər kimi İsrail tərəfdən döyüşlərdə iştirak etsin. Müharibə başlayacaqsa, onun dayandırılması çətin olacaq. Bu toqquşmanın müxtəlif bölgələrə sıçraması da mümkündür. Buna görə də, müharibə regionumuza da ciddi bir fəlakət gətirə bilər”.
Səxavət Məmməd