Qida qəbulunda çox uzun fasilələrin edilməsi sağlamlığa mənfi təsir edir.
Yenicag.az xəbər verir ki, endokrinoloq Aleksey Kalinçevin ura.ru saytına müsahibəsində bildirdiyinə görə, səhər yeməyindən tam imtina edən insanlar mədə-bağırsaq traktına zərər vurmaq riski ilə üzləşirlər.
“Səhər yeməyindən imtina edilməsi və ya qida qəbulu arasında uzun fasilələr mədə-bağırsaq traktı xəstəliklərinin kəskinləşməsinə səbəb olur”, – deyə Kalinçev xəbərdarlıq edib.
Həkim qeyd edib ki, adi səhər yeməyi əvəzinə səhərlər acqarına və ayaqüstü qəhvə içmək vərdişi qastritin yaranmasına səbəb ola bilər – xüsusən də belə vərdişi olan insan üstəlik siqaret çəkirsə. Bir müddət sonra səhər yeməyindən bu şəkildə imtina edilməsi istər-istəməz xoşagəlməz simptomlara, ağrı sindromuna səbəb olacaq.
Endokrinoloqun sözlərinə görə, bu gün yetkin əhali arasında məktəb vaxtından qalan həzm problemi olmayan insan tapmaq demək olar ki, mümkün deyil – bir çoxunda, xroniki formada qastrit və ya pankreatit aşkar edilə bilər. Səhər yeməyindən imtina edilməsi, nizamsız qida qəbulu, ayaqüstü qida qəbulu, acqarına çətin həzm olunan yeməklər və içkilərin qəbulu problemlərin daha da ağırlaşmasına gətirə bilər.
www.yenicag.az