İaşə obyektlərində yanğın TƏHLÜKƏSİZLİYİ: "Bu qaydalara riayət edilməlidir"
“İnsanların kütləvi toplaşdığı iaşə obyektlərində təhlükəsizlik tədbirlərinə əməl edilmədiyi üçün faciəli hallar baş verir”.
Bu fikirləri iaşə obyektlərində artan yanğın hadisələrinin səbəbləri barədə danışan “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, “Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi Yenicag.az-a açıqlamasında bildirib.
S. Dübəndi restoranlarda yanğın kimi faciəli halların naş verdiyini, amma bunun kütləvi xarakter daşımadığını vurğulayıb:
“Bu kimi halları o qədər də şişirtməyə dəyməz. Digər tərəfdən, biz burada təhlükəsizlik qaydalarından, insanların kütləvi toplandığı yerlərdən danışırıq. Harada banket xidmətləri göstərilir, toy və digər şənlik mərasimlərimiz keçirilir, o obyektlərdə müəyyən təhlükəsizlik qaydaları var. Bu iaşə obyektlərində yanğından mühafizə qaydaları, Qida Təhlükəsizlik Qaydaları var, xidmət sahəsinə aid olan digər qaydalar, sağlamlıq və əməyin təhlükəsizliyi qaydaları, ətraf mühitin təmizliyi qaydaları mövcuddur. Restoran biznesinin və iri müəssisələrin işinin tənzimlənməsi üçün bu qaydaların hamısına riayət edilməsi vacibdir. Bu qaydalara nə dərəcədə ciddi əməl olunur və nəzarətdə saxlanılır, bu barədə ölçüb-biçmədən bir şey demək mümkün deyil. Bu gün şadlıq evində toy zamanı baş verən yanğın barədə ətraflı məlumatım olmadığı üçün səbəbləri bizə tam aydın deyil. Ona görə də bir neçə gün müvafiq qurumlar tədqiqat aparacaq və açıqlamalarını edəcəklər.
Sadəcə mən tövsiyə etmək istərdim ki, belə ictimai obyektlər qəbul olunmuş qaydalara riayət etsinlər. Əks halda bəzi ciddi fəsadlar baş verir və görürsünüz ki, nəticələri xoşagəlməz hallarla yekunlaşır, insan səhvinə təsir edə biləcək hallarla da müşahidə olunur”.
Nurlan Cəfəri












