“Bununla əlaqədar böyük çətinliklər var. O evlərin əksəriyyəti əkin torpaqlarında tikilib. Keçmişdə həmin yerlər sovxozun ərazisi olub və orada evlər tikiblər. Bunlar ilk növbədə torpağın kateqoriyasını dəyişməlidirlər. Bu, əkindən tikinti kateqoriyasına keçməlidir”.
Bunu “Unikal”a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov sənədsiz evlərin nə zaman sənədləşdiriləcəyindən danışarkən deyib.
Onun sözlərinə görə, dörd yüz mindən artıq ev var ki, qeydiyyatda deyil: “Orada yaşayan şəxslər həmin evləri sata bilmirlər. Həmçinin, girov qoyub kredit götürə bilmirlər. Bu evlər sənədləşdirilməlidir. Eyni zamanda bələdiyyələr belə evlərdən vergi yığa bilmir. Onlar torpaq, mülkiyyət vergisi verməlidir.
Bəzi yerlərdə şikayət edirlər ki, kanalizasiya, qaz və ya işıq yoxdur. Bunlar qeyri-qanuni yaşayış məntəqəsidir. Planda deyil ki, orada müəyyən infrastruktur qurulsun. Sənədsiz evlərin sənədləşdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş aparır. Bu, bir-iki ilin məsələsi deyil. 400 min evin həm torpaq kateqoriyasının dəyişməsi, həm onların sənədləşdirilməsi və digər məsələlər bir müddət çəkəcək”./unikal
www.yenicag.az