“Tez-tez atəşkəsin pozulması sərhədlərin qarşılıqlı delimitasiyası və demarkasiyasının tanınmaması üzərindən gedən prosesin davamıdır”.
Bu sözləri son bir ayda Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəsin pozulmasını şərh edən ehtiyatda olan polkovnik leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.
Elxan Şıxəliyev bildirib ki, sülh sazişi imzalanmayana qədər bu cür hallar baş verəcək:
“Sülh sazişi ortada olmadığı üçün iki tərəfin atdığı addımlar legitim sayılır. İki tərəf arasında dövlət sərhəddini müəyyən etmək üçün delimitasiya və demarkasiya komissiyası olmadığından, sərhədlərin qarşılıqlı tanınması prosesi baş tutmur. Dolayısı ilə sərhəddin delimitasiyası və demarkasiyası sənədi yoxdursa, hər kəs atdığı addımı legitim sayır. 30 illik atəşkəs dövründə təmas xəttinə ATƏT-in Minsk qrupunun üzvləri nəzarət edirdilər, səhra komandirləri gəlib monitorinq keçirirdi. O halda da atəşkəs pozulurdu. İndi isə atəşkəsin pozulmaması üçün nə bir qurum, nə də bir sənəd var. Bu prosesin davam etməsi Azərbaycanın lehinədir. Onlar Azərbaycanın təklif etdiyi şərtləri qəbul etməlidir. Maraqlıdır ki, erməni tərəfi də məntiqli bir təklif etmir. Təklif etdiklərinin də hüquqi əsası yoxdur. Azərbaycanın atdığı addımlar beynəlxalq hüquqa əsasən legitimdir. Azərbaycan tərəfi hər bir vasitədən istifadə edərək, erməni tərəfini sülhə məcbur etməlidir.
Hazırda sərhəddin müəyyən edilməsində bütün güc hərbçilərin boynuna düşür. Çünki qarşı tərəfdən bir komissiya yoxdur ki, masa arxasında bu məsələ həll edilsin. Ermənistanla Qazax, Ağstafa istiqamətində sərhəddimiz təmin olunub. Demək ki, bu məsələnin analoqu var. Qarşı tərəf heç bir təklif vermir. Bunu bilərəkdən edirlər. Çünki sülh müqaviləsi ilə Qarabağ Azərbaycanın tərkibində olacaq. Eyni zamanda buna da imza atmalıdırlar. Məsələni lap dərindən düşünəndə demək olar ki, ermənilərin “Böyük Ermənistan” xülyası rəsmən məhv olacaq. Erməni tərəfi sülhə qol çəkməkdən qaçır, Azərbaycan tərəfi isə sülh sazişini tələb edir. Erməni tərəfi bu məsuliyyətin altına girməmək üçün dolayısı ilə prosesi axışa buraxıblar. Prosesi axışa buraxmaq da atəşkəsin pozulmasına, əsgərlərin həlak olmasına və yaralanmasına gətirib çıxarır.
Azərbaycan tərəfindən bu proses o zaman sıfıra endiriləcək ki, sərhəd infrasturukturumuz, bölgələrimiz, müdafiə rayonlarımız müşahidə, kazarma sistemi tam oturuşandan sonra düşmənin atəşindən gizlənə bilsin. O zaman atəşkəs səngiyəcək”.
Səxavət Məmməd