“Əgər bugünkü vəziyyətdən söhbət gedirsə, separatçıların Ermənistana ekstradisiya edilməsi haqqında söhbət gedə bilməz”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
Siyasi təhlilçi Bakı İstintaq Təcridxanasında həbsdə olan Qarabağ separatçılarının qondarma “rəhbərləri” ilə bağlı yekunlaşan istintaq prosesindən söz açıb.
Ə. İbrahimov diqqətə çatdırıb ki, bu gün Azərbaycanla Ermənistan arasında nəinki ekstradisiya haqqında müqavilə, heç diplomatik münasibətlər belə yoxdur:
“Belə olan təqdirdə, onları hansı formada verə bilərik?! Bilirik ki, ekstradisiya olması üçün iki ölkə arasında bu və ya digər şəkildə hüquq-mühafizə orqanları arasında münasibətlər və razılaşmalar olmalıdır”.
“Onların gələcəkdə nə zaman Ermənistana verilməsi məsələsinə gəldikdə isə həbs cəzası alanda gözləmək olar ki, nə vaxtsa müqavilə imzalanandan sonra Ermənistana təhvil verilsinlər. Lakin indiki halda bu, mümkün deyil. İnanmıram ki, onlara 5-10 illik həbs cəzası verilsin. Fikrimcə, ən azı onlara 15-20 illik, yaxud da ki, ömürlük həbs cəzası veriləcək. Mənə elə gəlir ki, Azərbaycan tərəfi məhz onlara görə yaxın gələcəkdə və ya uzun perspektivdə ekstradisiya istiqamətində müqavilə imzalayacaq və buna meyl göstərməyəcək”, – deyə o, əlavə edib.
“Separatçılar Azərbaycana və azərbaycanlılara qarşı törətdikləri cinayətlərin cəzasını məhz Azərbaycan həbsxanalarında çəkəcəklər. Düşünürəm ki, gələcəkdə Azərbaycanla Ermənistan arasında ekstradisiya haqqında saziş olsa belə, bu şəxslər və müharibə caniləri sözügedən müqavilə düşməyəcək”, – fikirlərini tamamlayıb.
Xatırladaq ki, Baş Prokuror Kamran Əliyev deyib ki, qondarma qurumun separatçı “rəhbərləri” barəsində olan cinayət işi üzrə istintaq artıq başa çatıb və yaxın günlərdə məhkəməyə göndəriləcək.
Rafi Müslümov
www.yenicag.az