Reklam: High Technic
hightechnic

Sərdar Cəlaloğlu: "Şeyxülislam Allah deyil ki..."

“Şeyxülislam Allah deyil ki, onu əvəzinə göstəriş versin. Hətta Allah insanları dinə qəbula məcbur etməklə bağlı  peyğəmbərə belə qadağan qoyub. Çünki hidayət ancaq Allaha məxsusdur. İndi peyğəmbərə qadağan olunan bir məsələni Allahşükür Paşazadə özünə rəva görür. Əslində, onun dindən elə də başı çıxmır, “Quran”ın fəlsəfəsini, məğzini bilmir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Orucluq dövründə iftardan əvvəl məclislərə qatılan axund və imamları cəzalandıracağı ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib:

“Qurani-Kərim”in fəqərə surəsində yazılıb ki, dində məcburiyyət yoxdur. Bu təkcə inamla bağlı deyil. Həm də “Quran”ın adət-ənənələrinin icra edilməsində məcburiyyət yoxdur. Ona görə də dində məcburiyyət yoxdursa, kimisə orucluq zamanı yemək yeməməyə, namaz qılmağa məcbur etmək olmaz. Allahşükür Paşazadənin Allahın əmrini pozub vətəndaşların orucluq dövründə iftardan əvvəl ziyafət verməyi, burada mollanın olmasını qadağan etməsi yolverilməzdir. Molla hansısa bir yas məclisinə ehsan verməyə getmir ki? Onun vəzifəsi din qaydalarına uyğun olaraq həmin yası idarə etməkdən ibarətdir. Ehsanı verən isə konkret yas sahibidir. O da, orucluq dövründə iftardan əvvəl məclis təşkil edib-etməməkdə tam sərbəstdir. Allah bilər, o özü bilər.  Dində məcburiyyət yoxdur, heç kəs digərini məcbur edə bilməz. Belə olan halda nəyə görə başqalarını oruc tutmağa, bu dövrdə iftar məclislərinə getməməyə məcbur etməliyik? Allahşükür Paşazadənin bu hərəkəti tamam yanlış fikirdir, İslam dininə, “Quran”a ziddir. İslamda ümumiyyətlə icbari, məcburi heç nə yoxdur. Hər şey könüllüdür. Hər şey insanların “Quran”la Allah arasında olan münasibətlə bağlıdır. Ona görə də hansısa bir dini qurum və yaxud dini lider vətəndaşı dini məslələrlə bağlı nəyəsə məcbur edə bilməz”.

Dinşünas alim Vaqif Cəliloğlu də QMİ sədrinin fikirlərilə razı olmadığını dedi:

“Allahşükür Paşazadənin nə dediyini bilmirəm. Amma orucluq ayında istənilən imkanlı müsəlman iftar süfrəsi aça və ora istənilən adamı dəvət edə bilər. İftar süfrəsinin də yaraşığı orada “Quran”dan bir ayə, surə oxunmasıdır. Bunun üçün də orada din xadiminin olması vacibdir. İmkanlı şəxs valideynlərinin ruhuna iftar süfrəsi açır və məclisə molla dəvət edirsə, “Quran” surəsinin oxunması iftardan əvvəl də, sonra da ola bilər. İftar vaxtı gələndə də camaat iftarını açır. Burada Allahşükür Paşazadəlik heç bir şey yoxdur”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə orucluq vaxtı iftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlara xəbərdarlıq edirək, bunu pozanları cəzalandıracağını bildirib: “Belə hal dinə şəkk, Allaha üsyan etməkdir. Kiminsə imkanı varsa, bu, o demək deyil ki, orucluğun əleyhinə çıxmalıdır”.

ELÇİN

www.yenicag.az

4578