“Millətin bəd günündən də, şad günündən də qazanc məqsədilə istifadə edirlər”.
Bu fikirləri ölkədə COVID-19-la bağlı həyata keçirilən tədbirlərin nəticəliliyi və koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən qadağaların müəyyən dairələr tərəfindən biznesə çevrilməsi ilə bağlı Yenicag.az-a danışan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev səsləndirib.
Elşad Musayev tətbiq edilən qadağalara adekvat şəkildə insanlara yardım edilmədiyini bildirib:
“Təəssüflər olsun ki, bizdə hər sahədə işbazlar mövcuddur. Millətin bəd günündən də, şad günündən də qazanc məqsədilə istifadə edirlər. Koronavirusla bağlı qadağalar oldu, amma insanlara heç lazım olan vəsaiti vermədilər. Əvvəlcə ölkədəki işsizlərin sayını az göstərdilər, sonra məlum oldu ki, ölkədən çıxanlar da nəzərə alınmaqla 2 milyona yaxın işsiz var. Bundan sonrakı mərhələdə Operativ Qərargah üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi”.
Partiya sədri hazırda “toy biznesi”nin kasıb vətəndaşların boğazına çökdüyünü vurğulayıb:
“İndi də toy boznesi başlayıb. Toy biznesində də pulu sadə, kasıb adamların dərisindən çıxarırlar, yüksək ranqlı məmurların toyuna heç kəs müdaxilə etmir. Toyların hamsından pul ayrılır. Polis gedib qapının ağzını kəsir. Bu, polisin görəvi deyil.
Açıqlanan rəqəmlərə görə virusa yoluxanların sayı artır. Bu, təəssüf doğurur. İşimiz Allaha qalıb. İnsanlar gərək özləri özlərini qorusunlar. Qərargaha-filan da inam qalmayıb. Ona görə vəziyyət heç də yaxşı istiqamətə doğru inkişaf etmir”.
Aqil Bəkir
www.yenicag.az