Silah anbarındakı PARTLAYIŞLARLA bağlı yeni AÇIQLAMA – VİDEOLAR

Azərbaycan Respublikası Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun Mətbuat Xidmətləri birgə məlumat yayıblar. Məlumatda deyilir: “Bugün səhər saat 09 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah–sursat anbarında partlayışlar baş vermişdir.

Dövlət başçısının tapşırığına əsasən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılmışdır.

Görülmüş tədbirlər nəticəsində hərbi hissənin ərazisində yaşayan və xidmət keçən şəxslər təhlükəsiz yerə təxliyyə olunmuşlar.

Saat 13 radələrinədək hadisə yerində işləyən 6 nəfər şəxs yüngül dərəcəli bədən xəsarətləri almış, digər ağır xəsarət alan və ölənlər barədə məlumat daxil olmamışdır.

Eyni zamanda N saylı hərbi hissənin yaxınlığında olan Sitalçay, Giləzi, Məmmədhəsən və Şürabad kəndlərinin əhalisi ərazidən təhlükəsiz yerə təxliyyə edilərək Fövqəladə Hallar Nazirliyi tərəfindən qurulmuş müvəqqəti çadırlara yerləşdirilir. Digər yaşayış məntəqələri üçün hər hansı bir təhlükə mövcud deyil.

Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanmış, istintaq-əməliyyat qrupu digər qurumlarla əlaqəli istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər.

Görülən təxirəsalınmaz tədbirlər barədə mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinə məlumat verilir”.

***
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.

Yenicag.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az saytımıza verilən məlumata görə, yaralıların sayı 6 nəfərdir. Partlayış zamanı xəsarət alanların sayının artacağı gözlənilmir. Bundan başqa yaralılara lazımı tibbi yardım göstərilib.

Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb.

Yaralılar arasında vəziyyəti ağır olan yoxdur.

Siyəzən Diaqnostika Mərkəzindən bildirilib ki, artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb.

***

Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən partlayış zamanı xəsarət alan şəxslərin adları məlum olub.

Yenicag.az xəbər verir ki, azvision.az-ın əldə etdiyi özəl məlumata görə, xəsarət alan şəxslər həmin hərbi hissənin əməkdaşlarıdır.

Xəsarət alan şəxslər bunlardır:

Hüseynov Kamran Rasim oğlu

Abbasov Nəsimi Bibiqulu oğlu

Ağayev Məhəmməd Ağarza oğlu

Cəbrayılov Vidadi Talıb oğlu

Məmmədyarov Samir Fazil oğlu

Dəmirov Əlverdi Alışoğlu

Siyəzən Diaqnostika Mərkəzindən bildirilib ki, yaralıların durumu stabildir, həyatları üçün təhlükə yoxdur.

***

Azərbaycanın “N” saylı hərbi hissəsinin silah-sursat anbarında baş verən partlayışla əlaqədar əraziyə yaxın 6 kəndin əhalisi təxliyyə edilib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, təxliyyə partlayış zamanı mərmi qəlpələrinin həmin kəndlərə yayılması ilə bağlı həyata keçirilib.

***

 

Baş Dövlət Yol Polisi İdarəsi bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla əlaqədar xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

Qeyd olunanları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar.

***

Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Yenicag.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.

Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.

Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.

Hadisəyə yaxın yaşayış məntəqələrindən əhali evakuasiya olunur.

***

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib.

Yenicag.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nəticədə ərazidə partlama müşahidə olunub.

Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.

İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.


Yenicag.az 

COP29