Şirkətlər niyə səhm bazarına  meyl etmir? – Ekspert şərhi

media-hightechnic-468x90

c706c6a7-a514-43c7-8dd9-2dd2fe8d4699_mw1024_s_n

Natiq Cəfərli: “Səhm bazarındakı bu problem  təcrübə azlığından irəli gəlir”

 Rəşad Həsənov: “Qarşılıqlı inansızlıq səhmdar cəmiyyətlərinin səhm bazarında aktiv olmasına əngəl olur”

Bazar iqtisadiyyatının formalaşması ilə Azərbaycanda da çoxsaylı səhmdar cəmiyyətləri yarandı. Hazırda onlar açıq, qapalı və məhdud məsuliyyətli səhmdar cəmiyyətləri formasında fəaliyyət göstərirlər. Lakin bu qurumlar maliyyə ehtiyaclarını  ancaq bank kreditləri vasitəsilə qarşılayır. Halbuki xarici ölkələrdə səhmdar cəmiyyətləri çoxsaylı mənbələrdən maliyyələşir. Onlar hətta istiqraz buraxmaqla da geniş maliyyə əldə edirlər. Yəni səhm bazarında  aktivdirlər. Azərbaycandakı səhmdar cəmiyyətləri isə hələlik istiqraz  buraxmaq yolu ilə maliyyə qazanmaq təcrübəsindən demək olar ki, yararlanmır.

Yenicag.az-a açıqlamasında ekspert Natiq Cəfərli bildirdi, təcrübə azlığı şirkətlərin istiqraz buraxmaqla qazanc əldə etmək istiqamətində fəaliyyət göstərmələrini ləngidən başlıca amildir: “Azərbaycanda təəssüf ki, müxtəlif cəhdlərə baxmayaraq, hələ də qiymətli kağızlar bazarı tam oturuşmuş şəkildə fəaliyyət göstərə bilmir.  Bunun bir səbəbi həmin istiqamətdə təcrübənin azlığından irəli gəlir. İkinci bir tərəfdən, səhmdar cəmiyyətlərinin  bazar qaydalarına uyğun olaraq işinin təşkilində olan problemlərdən qaynaqlanır. Problemin mövcudluğunda əsas səbəb isə, fikrimcə, insanların hələ bu instituta tam güvəninin olmaması və bu alətlərdən istifadə etməyi bacarmamalarıdır.  Səhmdar cəmiyyətlərinin çox zaman öhdəliklərini yerinə yetirməməsi də bu güvənsizliyin aradan qaldırılmamasına gətirib çıxarır. Hətta əllərində səhmləri olan insanlara vaxtlı-vaxtında dividentlər ödənmədi, gəlirlər barədə onlara məlumatlar verilmədi. Ona görə də bazar iqtisadiyyatının  mühüm sahəsi olan bu alət zəif inkişaf etdi”.

Ekspert Rəşad Həsənov da Yenicag.az-a açıqlamasında şirkətlərin səhm bazarında aktiv olmamasını bu sahə üzrə az biliyə malik olmaları, təcrübəsizliklə əlaqələndirdi: “Qiymətli kağızlar bazarının zəif inkişafı və əhalinin bu istiqamətdə maarifləndirilməməsi, təcrübəsizlik nəticəsində hazırda ölkəmizdə səhmlərin alqı-satqısı, istiqrazların alışı məsələsi sahəsində ciddi problemlər var.  Baxmayaraq ki, bəzi müəssisələr öz səhmlərini bazara təqdim edir, lakin buna rəğmən hazırda qiymətli kağızlar bazarında baş verən dinamika, qiymətli kağızların, səhmlərin, istiqrazların satışında ləng tendensiya, eyni zamanda şirkətin fəaliyyətinin izlənməsindən dolayı ortaya çıxan əlavə dəyərlərin bir çox hallarda gizlədilməsi, idarə heyətləri tərəfindən məlumatın üzv səhmdarlara çatdırılmaması nəticəsində həmin sahədə vəziyyət ürəkaçan deyil. Bu istiqamətdə zəif dinamikanın olması qarşılıqlı inansızlıqdan da qaynaqlanır.

Ümumiyyətlə, bu istiqamətdə yeniliyə başlamağın artıq vaxtı çatıb. Ölkəmizdə hazırda hətta dünya miqyasında fəaliyyət göstərməyə qadir şirkətlər var. Bu şirkətlər öz strategiyalarını dəyişməli və maliyyə mənbələrinin idarə olunması, diversifikasiyasında istiqrazların satışı, səhmlərin yerləşdirilməsi kimi istiqamətlərdə addımlar atmalıdır.  Xüsusən də, bu istiqamətdə maarifləndirmə işləri sürətləndirilməlidir”.

Rüfət/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600