Son iki günün cinayət statistikası
Noyabrın 15-də və 16-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 34, dələduzluğa görə axtarışı aparılan 21 və ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı həyata keçirilən 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 26,5 kiloqramdan artıq narkotik vasitə və 9 min ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan 4 avtomat silahı, 8 tüfəng, 8 patron darağı və müxtəlif çaplı 229 ədəd patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.












