Spekulyasiya mənbəyinə çevrilən VAKSİNASİYA: “O qədər iyrəncliklər görürəm ki…” – Zəlimxan Məmmədli

“Təzyiq xəstələrinə yerində dərman verib, təzyiqini normallaşdırıb, vaksin vururlar, bu, qəti qadağandır”.

Bu fikirləri “İmmunitet sertifkatı”nın alınmasında bürokratik əngəllərin yaradılması, vətəndaşların müəyyən klinikalara yönləndirilməsi və vaksinasiyanın “könüllü məcburiliyi”nə münasibət bildirən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli koronavirus əleyhinə vaksinasiya olunma prosesinin aidiyyatı qurumlar tərəfindən düzgün idarə edilmədiyini bildirib:

“Pandemiyada klinikaların qazanc yeridir. Əgər vətəndaş hamilədirsə, onun ginekoloqu var. Həkim bir sənədə vətəndaşın hansı müddətdə hamilə olmasını yazır və bununla da məsələ qapanır. Onkoloji, şəkər xəstələri qeydiyyatda olurlar. İndiki dönəmdə buna inanmayanlar yeni vəzifəyə gələnlərdir, qəsdlə bürokratiya yaradırlar. Yeni gələnlər guya aşağı instansiyaların doğruluğuna inanmır, eyni zamanda onları klinikalara yönlədirir ki, qazanc əldə edilsin. Həkiməm, o qədər iyrəncliklər görürəm ki, düşünürəm, bunlar hamısı Azərbaycanda müstəqilliyi gözdən salmaq üçün böyük bir diversion siyasi düşüncənin məhsuldur. Onların düşüncəsi budur ki, mafiya gəlməlidir, yeyib dağıtmalıdır, insanları narazı salmalıdır.

Təkcə hamilələr yox, əsəb xəstələri, allergiya xəstələri – hamısı qeydiyyatdadır, onlar bir arayış gətirməklə “İmmunitet sertifkatı” almalıdırlar. Bir arayış kifayət edir. O arayışa etimad yoxdur. TƏBİB sədri Ramin Bayramlı hesab edir ki, əvvəlki quldur dəstəsinin hamısı bisavaddır, qanunsuzluqlar ediblər, necə deyərlər, xain xoflu olar. Keçmiş səhiyyə nazirinin səhiyyədən başı çıxırdı? Bir dəfə təklif etmişdim ki, Oqtay Şirəliyevi kənarlaşdırın, 6 ay mənə vaxt verin, görün islahat necə olur, səhiyyə sistemi vətəndaşın ayağına necə gedir. Səhiyyə sistemimiz vətəndaşın ayağına gəlmək əvəzinə, başında oturmaq istədiyinə görə bu cür fəsadlar baş verir. Son baş verənlər səhiyyə sistemimizin naqisliyinin nəticəsidir. Azərbaycanda hər sahə olduğu kimi səhiyyə sahəsi də islahatlardan kənarda qalıb. Azərbaycanda oliqarxa çevrilmə ənənəsi var. Sifarişli həbslər də, məsələnin profilaktikasına təsir etmir”.

Zəlimxan Məmmədli vaksinlə bağlı insanlara psixoloji təsir göstərməyi tərbiyəsizlik adlandırıb:

“Təzyiq xəstələrinə yerində dərman verib, təzyiqini normallaşdırıb, vaksin vururlar, bu, qəti qadağandır. Vaksinasiya ilə bağlı ciddi tədqiqatlara ehtiyac var. Dünya səhiyyə sistemi, siyasi sistemi pandemiyanın əsiridir. Azərbaycanda bir məmur belə vaksin vurdurmayıb. Baxın başqa ölkələrdə birinci məmurlar vaksin vurdurur, videoları yayılır bunun, Azərbaycanda isə bunu görmədik. Bizim infeksionistlərimiz 250 manatın girovuna çeviriblər. Onlar işə cəlb olunmalıdır. Bir beyin mərkəzi olmalıdır. Müxtəlif fikirlər, bəzi alimlərlə də danışıram, şübhəli məqamlar var. Yenə də alternativ variant yoxdur. İki dəfə vaksin olunmuşam. Birincidə olmasa da, ikincidə müəyyən əlamətlər yaşandı. Yenə də optimist yanaşıram, çünki alternativ yoxdur. Ancaq bunu bürokratikləşdirmək, insanları psixolji xof yaratmaq mənbəyinə çevirmək tərbiyəsizlikdir. Bu, qeyri-profesionallıq yox, məhz tərbiyəsizlikdir. Əgər bu sistem qalsa, yaxın 10 ildə Azərbaycan insanının ömrü ən azı 5-10 il azalmasını çox təbii qəbul edəcəm. Bizim mövcud qanunvericilikdə vaksinasiya könüllüdür. Qanunu üstələmək yasaqdır. Milli Məclis bu qanunu dəyişdirməlidir, yoxsa hazırkı proses qanunsuzdur. Qanun vaksinasiyanı könüllü edir”.

Səxavət Məmməd

COP29