Bir il bundan əvvəl – 2021-ci il iyunun 15-də Azərbaycan ilə Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi bir neçə aspektdən yeni bir tarixi dövrün başlanğıcı oldu.
İlk növbədə bu, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətlərinin təkamülündə növbəti mərhələyə keçidi rəsmiləşdirdi. Bildiyimiz kimi, hər zaman xüsusi çəkisi olan iki ölkə münasibətlərində xalqarımızın qardaşlığı, tarixi bağlar təməl rolunu oynamış, Mustafa Kamal Atatürk, Heydər Əliyev kimi dahi liderlər bu əlaqələri daha da möhkəmləndirmiş, son illərdə isə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında iki ölkə münasibətləri ən yüksək səviyyəyə çatmışdır.
Böyük tarixi sınaq olan İkinci Qarabağ savaşında Türkiyənin Azərbaycana güclü mənəvi dəstəyi bəzi kənar qüvvələrin müharibəyə birbaşa müdaxiləsinin qarşısını almaqla Azərbaycanın ədaləti öz gücü hesabına bərpa etməsinə şərait yaratdı. Şuşa Bəyannaməsi isə iki ölkə arasında real mövcud olan müttəfiqlik münasibətlərinin ən yüksək səviyyədə təsdiqi olmaqla, həm də keyfiyyətcə yeni mərhələyə yüksəlişinə şərait yaratdı.
O da məlumdur ki, 44 günlük Vətən savaşında Azərbaycanın tarixi qələbəsi ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə bərabər, Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı, bölgə özünün növbəti inkişaf mərhələsinə daxil oldu. Azərbaycanın öz suverenliyini təmin etdiyi Qarabağ bölgəsi strateji əhəmiyyətli, yeraltı və yerüstü sərvətlərlə zəngin təbii gözəllikləri olan region kimi nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın inkişafına mühüm töhfələr vermək potensialına malikdir. Bəyannamədə iqtisadi əməkdaşlığa dair əksini tapan müddəalar 30 ilə yaxın davam edən Ermənistan işğalından böyük zərər görmüş Qarabağın dirçəlişinə, sülh, tərəqqi və rifah bölgəsinə çevrilməsinə zəmin yaradır. Təbii ki, bundan bütün region xalqları və dövlətləri, o cümlədən Ermənistan da yararlana biləcək.
Beləliklə, Şuşa Bəyannaməsi postmüharibə və postmünaqişə dövründə bütövlükdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin, əməkdaşlığın, inkişaf və rifahın möhkəm hüquqi əsaslarını formalaşdırmaqla bölgəmizdə siyasi, iqtisadi, hərbi, humanitar münasibətləri yeni mərhələyə yüksəldir.
Politoloq
Hülya Məmmədli
www.yenicag.az