Bakıda iş adamı əmisi oğlunun üstünə maşın sürərək yaraladı - TƏFƏRRÜAT / VİDEO
Paytaxtda maşınla qəsdən adam vuranlar saxlanılıblar.
Yenicag.az “Xəzər TV”yə istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Rövşən Hüseynov küçəsində qeydə alınıb.
Zərərçəkmişin ailə üzvləri bildiriblər ki, mübahisə əmioğlanları arasında olub. Lakin qarşı tərəf tanımadıqları şəxsləri gətirərək onlara hücum edib.
Firudin Bağırovun anası deyib ki, hadisə zamanı gəlin də yıxılaraq xəsarət alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub. Təcili Tibbi Yardım briqadası tərəfindən 49 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Ona başın tüklü hissəsinin sınığı ilə müşayiət olunan açıq yara, bud-çanaq oynağının və diz oynağının əzilməsi, bud-çanaq və bud nahiyəsinin dəqiqləşdirilməmiş səthi travması diaqnozu ilə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti stabil qiymətləndirilən şəxs öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.
Məsələ ilə bağlı qarşı tərəf isə heç bir açıqlama vermək istəmədiyini bildirib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən qeyd edilib ki, həmin şəxslər artıq saxlanılıblar.
Ətraflı süjetdə: