Azərbaycan–Türkiyə–Pakistan qardaşlığına salam olsun! - Aygün Attar yazır
28 May Azərbaycanın tarixi üçün əlamətdar bir gündür. 28 may 1918-ci ildə Azərbaycan, dövrün çətin şərtlərinə baxmayaraq, müstəqilliyini elan edərək milli iradəsini ortaya qoydu. Başda Azərbaycan olmaqla, xarici ölkələrdəki bütün diplomatik nümayəndəliklərimizdə böyük coşqu ilə qeyd olunan Müstəqillik Günümüz bu il üç qardaş ölkənin liderlərinin iştirakı ilə daha fərqli şəkildə qeyd olunacaq. İşğaldan azad edilən ata-baba torpağımızda – Laçında üçüncü beynəlxalq hava limanının açılışı üçün Azərbaycan, Türkiyə və Pakistan dövlət başçıları bir araya gələcək və bu səbəbdən bayramımız ikiqat bayrama çevriləcək.
Dünyanın nizamının pozulduğu bu günlərdə strateji, geosiyasi və diplomatik baxımdan olduqca önəmli olan bu birlik və həmrəylik mənzərəsinin Laçın dəhlizindən bütün dünyaya nümayiş etdirilməsi həm zamanın geosiyasi ittifaqları, həm də qardaşlıq əlaqələri baxımından beynəlxalq münasibətlər üzrə mütəxəssislər tərəfindən uzun-uzadı müzakirə ediləcək mövzudur.
ABŞ-nin Çinə qarşı balans elementi olaraq Hindistanı seçdiyi və Asiya-Sakit okean bölgəsinə yönəlik güc layihəsində Hindistanın əsas rol oynayacağına dair açıq mesajlar verdiyi bir dövrdən keçirik. Tramp bir neçə gün əvvəl “dünyanın ən böyük ticarət marşrutlarından biri”nin qurulması üçün Modi ilə razılaşdıqlarını açıqlamışdı. Söhbət Türkiyənin kənarda saxlanıldığı və 2023-cü ilin sentyabrında Hindistanda keçirilən G20 Zirvəsində Bayden tərəfindən elan edilən Hindistan-Orta Şərq-Avropa İqtisadi Dəhlizindən gedir. Türkiyə Prezidenti Ərdoğan isə bu marşrutun Hindistandan BƏƏ-yə, oradan Səudiyyə Ərəbistanı, İordaniya və İsraili keçərək Avropaya uzanacağı ilə bağlı planlara “Türkiyəsiz dəhliz olmaz. Şərqdən Qərbə trafik üçün ən münasib yol Türkiyədən keçməlidir” sözləri ilə sərt reaksiya vermişdi. Pakistan və Hindistan arasında baş verən qarşılıqlı hücumlar nəticəsində Türkiyə və Azərbaycanın Pakistanı dəstəkləyən bəyanatları Hindistanı hər iki ölkənin məhsullarını boykot etməyə və vətəndaşlarının bu ölkələrə turizm səfərlərini ləğv etməsinə qədər qəzəbləndirmişdir.
44 günlük Vətən müharibəsi zamanı və ondan əvvəl və sonra Pakistan daim Azərbaycanın yanında olmuşdur. Ermənistanı silahlandıran ölkələrdən biri olan Hindistanın hələ də faktiki olaraq Cənubi Qafqaz sülhünü pozan prosesin iştirakçısı olduğunu nəzərə alaraq Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının Laçın hava limanının açılışında iştirakı çoxşaxəli təhlilə ehtiyac duyur. Yunanıstanın ABŞ tərəfindən Aralıq dənizində Çin təsirinə qarşı yeni strategiyanın mərkəzinə yerləşdirilmək istəndiyi, ABŞ-nin Dədəağac bölgəsində hərbi baza saxladığı bu günlərdə Tramp administrasiyasının Çinə qarşı “strateji tərəfdaş” elan etdiyi Hindistanın Selanik limanına olan marağı da məlumdur. Pakistanı dəstəklədiyi üçün Hindistanla münasibətləri gərgin olan Türkiyəni bu marşrutdan kənarda saxlayaraq Avropaya birbaşa bağlantı qurmaq cəhdi də strateji bir addım kimi dəyərləndirilməlidir. Bu baxımdan, sual etməliyik: geosiyasi dəhlizlər sabitlik gətirir, yoxsa yeni gərginliklərin xəbərçisidir?
Geosiyasi qeyri-müəyyənliyin artdığı və böyük güclər arasında rəqabətin intensivləşdiyi bir dövrdə Laçın dəhlizində baş verən bu üçtərəfli görüş anlayan üçün ciddi mesajdır. Qlobal nizamın daha da parçalandığı, regional rəqabətlərin davam etdiyi və sabitliyin pozulduğu bu şəraitdə regional oyunçuların öz maraqlarını qoruması zərurətə çevrilmişdir. Azərbaycan çoxtərəfli qlobal düzəni təşviq etmək üçün siyasi, iqtisadi və təhlükəsizlik sahələrində müxtəlif ittifaqlarla əməkdaşlığı dərinləşdirməyə çalışır.
Çoxşaxəli bağlantılı layihələrdə yer alan Azərbaycan müttəfiqlikdən də başqa, Türkiyə ilə beynəlxalq münasibətlərdə bənzəri olmayan xüsusi qardaşlıq hüququna əsaslansa da, bəzi duyğusal səbəblərlə Türkiyə ictimaiyyətində tənqid edilən İsraillə də strateji tərəfdaşlıq siyasətini böyük uğurla aparmaqdadır. Azərbaycan, eyni zamanda, İran, Hindistan, Rusiya və Avropanı birləşdirməyi hədəfləyən Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi təşəbbüslərdə də fəal iştirak edir. Asiya ilə Avropa arasında Qafqazın ən önəmli bölgəsində yerləşən Azərbaycan bu strateji mövqeyinin fərqində olaraq xarici siyasətini yürüdür. Müxtəlif təşəbbüslərdən faydalanmaq və iqtisadi inkişafı, ticarət əlaqələrini və ümumilikdə regional sabitliyi gücləndirmək üçün prezident İlham Əliyevin şəxsi təşəbbüslə hərəkət etməsi Azərbaycanı üstün mövqeyə gətirir.
Pakistan həm Azərbaycanın, həm də Türkiyənin ən yaxın əlaqələr qurduğu ölkədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif 3 iyul 2024-cü il tarixində Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderlərinin 24-cü sammiti çərçivəsində bir araya gələrək Qəzza, Kipr, Kəşmir və islamofobiya kimi regional və qlobal məsələləri müzakirə etmişdilər. Qarabağ müharibəsində Türkiyədən sonra Azərbaycana ən böyük diplomatik və siyasi dəstək verən islam ölkəsi Pakistan olmuşdur. Qələbə ilə nəticələnən müharibədən sonra Bakı küçələrində Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə və Pakistan bayraqlarının da dalğalanması xalq diplomatiyasının sevgi dolu təzahürü olmuşdur.
Pakistanla Hindistan arasında yaşanan böhranda Azərbaycan və Türkiyənin Pakistana göstərdiyi diplomatik və siyasi həmrəylik olduqca dəyərlidir. Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının Bakıda keçirilən və Prezident Əliyevin “İfadə azadlığı adı altında İslama və müsəlmanlara qarşı hücumlar qəbuledilməzdir” sözləri ilə çıxış etdiyi, İslam dünyasına “Mövcud qlobal təhdidlər, İslam dünyasının qarşı-qarşıya olduğu yeni çağırışlar və çətinliklər, habelə artan İslamofobiya meylləri və dinimizi ləkələmə cəhdləri müsəlman ölkələri arasında həmrəyliyin və birliyin gücləndirilməsini, qarşılıqlı dəstəyin göstərilməsini zəruri edir. İslamofobiya ilə mübarizə aparmaq üçün birlikdə hərəkət etməli, bu ədalətsizliyə və zərərli meyllərə qarşı birgə səsimizi ucaltmalıyıq” çağırışı etdiyi və bu il üçüncüsünü ev sahibliyi etdiyi islamofobiya ilə mübarizə ilə bağlı konfransın ardından Laçında yenidən bir araya gəlməsi xüsusi məna daşıyır.
Uzun illər işğal altında qalmış torpaqların azad edilməsindən sonra qısa müddətdə üç beynəlxalq hava limanı açmağı bacaran Azərbaycanı təbrik edirəm. Göylərdən bizi izləyən şəhidlərimizin ruhu şad olsun! Gözəl Laçına və Azərbaycan–Türkiyə–Pakistan qardaşlığına salam olsun!