“Şuşa və Moskva bəyannamələri rəqib yox, bir-birilərini tamamlayan müqavilələrdir” – Mehmet Perincek

“Bütün bu detalları nəzərə alıb deyə bilərik ki, regionda əməkdaşlığa yönəlik addımlar və təşəbbüslər hər kəsin xeyrinədir”.

Bu fikirləri dünən Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanmış Moskva Bəyannaməsini dəyərləndirən türkiyəli ekspert, Rusiya üzrə mütəxəssis Mehmet Perincek Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin Moskva Bəyannaməsindən narahat olacağı heç nə yoxdur:

“Öncə onu qeyd etmək istərdim ki, Azərbaycan İkinci Qarabağ savaşında öz əsgərinin, xalqının gücü və əzmi ilə qalib gəldi. Ancaq bununla birlikdə, Türkiyə ilə Rusiya arasında mövcud olan münasibətlər, sıx əlaqələr də Azərbaycanın ərazi bütünlüyünün bərpa edilməsində mühüm rol oynadı.

Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsi hər kəsə məlumdur. Hətta bu sırada “Bir millət, iki dövlət” prinsipinə uyğun hərəkət edirik. Şuşa Bəyannaməsi də bunu ən bariz şəkildə ortaya qoyub. Eyni zamanda, Azərbaycanın regional inteqrasiyada iştirakı, bölgədə sülhü və rifahı təmin etmək baxımından, Rusiya ilə əlaqələrini genişləndirməsi Türkiyəni də məmnun edər.

Moskvada Azərbaycanla Rusiya arasında təqribən qırx maddəlik bəyannamə artıq imzalanıb. Bəyannamədə ən müxtəlif istiqamətlər – iqtisadiyyatdan təhlükəsizlik məsələlərinə qədər əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Ona görə də, bu nöqtədə Türkiyə ilə Rusiyanın bir-birilərinə rəqib olmadığı vurğulanmalıdır.

Tam əksinə, Türkiyə ilə Rusiya regionda təhlükəsizlik və sabitliyin qorunması məsələlərində əməkdaşlıq edirlər. O baxımdan, Moskva Bəyannaməsinin Şuşa bəyannaməsini tamamladığını söyləmək mümkündür. Yəni Türkiyənin Moskva Bəyannaməsindən narahat olacağı heç nə yoxdur.

Zatən, Azərbaycan, Türkiyə və Rusiya Cənubi Qafqaz üzrə 3+3 formatında da bir araya gəliblər. Bütün bu detalları nəzərə alıb deyə bilərik ki, regionda əməkdaşlığa yönəlik addımlar və təşəbbüslər hər kəsin xeyrinədir.

Çünki regional sülhün möhkəmlənməsi və sabitliyin təmin olunması iqtisadiyyatın inkişafına təkan verir, digər tərəfdən də ABŞ-ın bölgəyə müdaxiləsi üçün mümkün əsasları aradan qaldırır. O baxımdan, cənab Əliyevin Moskvaya səfəri və bəhs etdiyimiz Bəyannaməni imzalaması böyük əhəmiyyət daşıyır”.

A.Zeynalov

COP29