Tahir Mirkişili: “Azərbaycanda atalıq məzuniyyəti tənzimlənməli, gender bərabərliyi təkmilləşdirilməlidir”
Qadınların işləməsi, həm də ailə öhdəliklərini yerinə yetirməsi ilə bağlı yükünün bölüşdürülməsi vacibdir.
Yenicag.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili Bakıda “Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişafa” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Yaponiyada atalara 30 həftəlik məzuniyyət verilir: “Bizdə isə bu hələ tənzimlənməyib. Bu baxımdan gender əsaslı əmək bölgüsü müasir iqtisadiyyatın çağırışlarından biridir”.
O bildirib ki, ailə dəyərləri insan kapitalı və iqtisadi artımın əsas şərtidir: “Ailə dəyərləri ilə iqtisadi artım arasında əlaqə iqtisadçılar üçün aktual tədqiqat mövzularından birinə çevrilib. Dünyada gedən dəyişikliklərin sürəti ailə dəyərləri və inancların dəyişmə tempini üstələyir: “Son 50 ildə dünya iqtisadiyyatı nominal ifadədə 16 dəfə artıb. Halbuki həmin dövrdə kompüter belə yox idi, bu gün isə süni intellekt həyatımıza daxil olub. Lakin ailə dəyərləri, evlilik adətləri və kişi-qadın münasibətləri həmin sürətlə dəyişməyib. Bu da nəsillər arasında sosial və iqtisadi münaqişələr yaradır”.
Deputat hesab edir ki, ailə dəyərlərinin güclü olduğu ölkələrdə dörd mühüm iqtisadi üstünlük formalaşır.
Eyni zamanda, millət vəkili ailə dəyərlərinin bəzi hallarda qadınların iqtisadi fəallığına mənfi təsir etdiyini də vurğulayıb: “Ailə dəyərləri güclü olan ölkələrdə qadınların iqtisadiyyatda rolu azalmağa başlayır. Bu isə doğum səviyyəsinin aşağı düşməsinə səbəb olur. Məsələn, 1960-cı ildə dünyada bir qadına orta hesabla 5,3 uşaq düşürdüsə, hazırda bu rəqəm 2,1-dir”.
O əlavə edib ki, aparılan araşdırmalara əsasən, qadınların gəliri və məşğulluğu artdıqca, doğum səviyyəsi azalır: “Kasıb ölkələrdə isə qadınların evdə olması və ailəyə yönəlməsi nəticəsində doğum səviyyəsi daha yüksək olur. Bu isə dövlətlər üçün paradoks yaradır: qadın həm işləməli, həm də doğum səviyyəsi qorunmalıdır”.
Deputat bu problemin həllində dövlətin sosial infrastruktur yaratmasının vacibliyini qeyd edib: “Azərbaycanda son dövrlərdə uşaq bağçaları, qida rasionunun elmi əsaslarla tənzimlənməsi kimi təşəbbüslər bu istiqamətdə atılan vacib addımlardandır. Eyni zamanda, qadınların əmək bazarında iştirakını artırmaq üçün kişi və qadın arasında əmək bölgüsünün yenidən nəzərdən keçirilməsi vacibdir”./report/