Tamilla QULAMI: Sən saydığını say…
Onun balaca əllərini ovcuma alanda əllərinin soyuqluğu ruhumu titrətdi. Amma gözlərimin içinə baxan gözlərində o qədər sevgi, o qədər istilik var idi ki… Əyni çox nazik idi. Anasına baxdım. Başını aşağı salıb yemək yeyirdi sakitcə. O qədər düşüncəli idi ki, bəlkə də kənardan biri soruşsaydı nə yeyirsən, cavab verməyə çətinlik çəkərdi. Onu düşüncələrindən ayıracağım ya da utandıra biləcəyimdən qorxduğum üçün uşağa geyindirməyə üst geyim varmı deyə soruşmadım.
Əllərini nəfəsimlə qızdıra-qızdıra balaca qızcığazla oynamağa başladım. Bu arada Bahar mənə tərəf çevrilib “onları soyuğa öyrəşdirmişəm, narahat olma, qalın geyinməyi sevməzlər” dedi. Ürəyin yerinə gəldi.
Balacanı yanımda otuzdurub işlərimi sahmana salmaq istəyirdim ki, birdən əllərini mənə uzadıb “üf-üf” dedi. Qucağıma alıb qızdırıcının yanında əyləşdirdim.
Azər bəy İranda fars rasizminə qarşı çıxan milli fəallardan idi. Davamlı olaraq tutuqlandığı üçün artıq orda qalmaq ailəsinə təhlükə yaradırdı. Hər şeyin yaxşı olacağını düşünərək Səlmasda rahat evlərini, işlərini buraxıb güvəndikləri iş adamının dəstəyi ilə Bakıya pənah gətirmişdilər. Amma sən saydığını say, gör güvəndiklərin nə sayır…
…İş vaxtı bitdikdən sonra atası balacanı qucağına götürüb ofisdən çıxdı. Biz də xanımla bərabər onların arxasınca addımlamağa başladıq. Hava çox soyuq idi. Qulağım xanımda, fikrim soyuqdan atasına sığınmış balacada idi. Belə soyuğa öyrəşdirmək olmazdı. Küləkli, yağışlı hava, nazik yay geyimi…
Artıq beynimdə hər şey bir-bir qarışmağa başladı. Güvən, köç, mühacirlik həyatı, pulsuzluq… Güvən? Birinin sənə arxa olacağını düşünərək, güvənərək doğma yurdu tərk etmək… Bəs sonuç? Qışın soyuğunda qucağında nazik geyimli körpəylə addımlamaqmıydı güvən? Bir anlıq hər şeyə nifrət etmək keçdi içimdən. Lənət olsun dedim! Mən də qürurlu ananın dediklərinə inanmışdım. Heç birinin əynində qış geyimi yox idi…
Dayanacağa yaxınlaşanda sağollaşıb ayrıldım. Metroya kimi soyuqda piyada getdim. Sanki özümü cəzalandırmaq istəyirdim. Sanki bütün olanlar mənim günahımmış kimi… İçim qan ağlayırdı. Heç cür soyuqqanlı ola bilmirdim. Güvəndikləri adam demək olar ki, onları üzüstü buraxmışdı. Kəsdikləri “5 manat” əməkhaqqına görə dəyərdimi körpə uşaqların güvənini pozmağa?
Çantamı açıb pulları saymağa başladı. Özümün cəmi 7 manat pul var idi. Kənarda da banka ödənməsi gərəkən məbləğ…
İçimdəki sevgi hisslərinin yanında qəribə duyğular baş verirdi. Güvənsizlik, yanılma, qırğınlıq…
Bəzən kənardan güvəndiyimiz insanlar bizim güvən və sevgimizdən sui-istifadə edər, öz çıxarları üçün bizi xərcləyər hətta. Yaşadığım hisslər bu düşüncələrin məhsuluydu. O insanların övladları deyil, özləri qarın çovğununda əyinlərində nazik geyimlə addımlasa nələr keçərdi fikirlərindən görəsən… Təsəvvürə gətirmək çətindi. Həm də çox çətin…
…Qapını açanda başında papaq, boynunda şərf, əllərində əlcəkli balaca qızcığaz qucağıma yüyürdü. Gözləri həmin gözlər idi, sevgi dolu, isti… Əlcəyini çıxarıb balaca barmaqlarını dodaqlarıma toxundurdu. Gözləri kimi idi…
Tamilla QULAMİ
Yenicag.az