Paşinyanın sülh tərəfdarı olması Ermənistanın yeni oyunudur? – Siyasi şərhçidən həyəcan təbili
Ermənistanda hakimiyyət uğrunda mübarizə və Baş nazir Nikol Paşinyanın siyasi gələcəyi ilə bağlı müzakirələr regionda da diqqətlə izlənilir.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən siyasi şərhçi Asim Vəliyev hesab edir ki, proseslərə yalnız bugünkü reallıqlar prizmasından yanaşmaq düzgün deyil.
Asim Vəliyevin sözlərinə görə, Ermənistanda baş verən siyasi proseslər və Paşinyanın hakimiyyətdə qalması ətrafında aparılan müzakirələr ictimai rəydə müəyyən çaşqınlıq yaradıb.
O bildirib ki, bəzi ziyalılar və siyasi şərhçilər Paşinyanın hakimiyyətdə qalmasını Azərbaycanın maraqlarına uyğun ssenari kimi təqdim edir, hətta buna açıq və ya gizli şəkildə dəstək nümayiş etdirirlər.
Siyasi şərhçinin fikrincə, taktiki baxımdan mövcud Ermənistan rəhbərliyinin kompromislərə məcbur olması və revanşist qüvvələri zəiflətməsi hazırkı mərhələdə Azərbaycanın maraqlarına uyğun görünə bilər. Lakin strateji təhlil anlıq qazanclardan və emosional yanaşmalardan uzaq aparılmalıdır.
Asim Vəliyev xatırladıb ki, Paşinyan vaxtilə “Ermənistan Qarabağdır və nöqtə” bəyanatını səsləndirən, Şuşada nümayişkaranə addımlar atan siyasətçi olub. Onun fikrincə, Paşinyanın hazırda sülh tərəfdarı kimi çıxış etməsi daxili humanizmdən deyil, geosiyasi məğlubiyyətin yaratdığı reallıqlardan irəli gəlir.
“Hazırkı Ermənistan rəhbərliyi zaman qazanmağa, Qərbin hərbi-siyasi dəstəyini əldə etməyə və dövlət institutlarını, xüsusilə ordunu yenidən formalaşdırmağa çalışır. Bu gün atılan geri addımlar gələcəkdə daha güclü hərbi potensialla ortaya çıxmaq üçün strateji manevr kimi qiymətləndirilə bilər”, – deyə o bildirib.
Asim Vəliyev əlavə edib ki, siyasətdə “düşmənimin düşməni mənim dostumdur” yanaşması hər zaman özünü doğrultmur və Paşinyanın daxildə revanşist qüvvələrlə mübarizə aparması Azərbaycan üçün əsas meyar olmamalıdır.
“Bizim üçün əsas məsələ ayrı-ayrı şəxslərin kimliyi deyil, Ermənistanın dövlət olaraq gələcək potensialı və niyyətidir. Bu gün zəif görünən və zaman qazanan rəqib sabah daha böyük təhdidə çevrilə bilər”, – deyə siyasi şərhçi vurğulayıb.












