Dünya sürətlə silahlanır, ölkələr müdafiə xərclərini ciddi şəkildə artırırlar. Müharibə ocaqlarından kənarda qalan ölkələr də artıq müharibə mesajları ötürməyə başlayıblar. Çexiya və Almaniya rəsmiləri müdafiə müharibəsinə hazır olmaları barədə bəyanatlar verirlər.
Yeri gəlmişkən, hər iki ölkə Rusiyanın hücum edəcəyindən narahat olduğunu dilə gətirir. Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə dünyada görünməmiş informasiya müharibəsi start götürdü. Qərb bütün resurslarını Rusiyanın əleyhinə istifadə etməyə başladı.
Jurnalistikanın qızıl qaydalarını yazan qurumların özləri bu savaşda tərəfə çevrildi. Beləliklə, məlum oldu ki, heç bir qayda, standart yox imiş. Sadəcə, maraqlar uğrunda döyüşmək varmış. Adı dünya ilə bir olan media qurumları muzdluların təbliğatçısına çevrildi. Obyektiv xəbər, real analiz? Heç birini görmədik. Hər kəs tərəfə çevrilmişdi.
Təkcə media qurumlarınınmı iç üzü açıldı? Qətiyyən! Hücumların ilk ayları məlum oldu ki, bu günə qədər məğlubedilməz kimi təqdim edilən Rusiya ordusu tökülüb-itir. NATO sabun köpüyü kimi bir şey imiş. Əməliyyatların birinci ili tamam olmamış alyansın baş katibi silah ambarlarının boşalmasından gileylənirdi.
Ukrayna İngiltərə və Fransadan 200 tank istəyir. İngiltərənin cavabından bəlli olur ki, onlarda döyüşə hazır 200 tank yoxdur. Haqsızlıq etməyək, Ukraynaya müasir silahlar da verilirdi. Ancaq daha çox ambarlarda köhnələn silahlar əldən çıxarılırdı.
Sanksiyalar? ABŞ və Avropa İttifaqı Rusiyanı sanksiya atəşinə tutdu. Ancaq indi məlum olur ki, Rusiya müharibədən əvvələ nisbətdə daha çox neft və qaz satıb. Yaxşı, bunu kim alıb? Yalnız Çin və Hindistan? Məlum olur ki, yenə əsas alıcı elə Qərb ölkələri olub.
Avropa dövlətləri NATO-ya güvənərək demək olar ki, öz təhlükəsizlikləri barədə düşünmürdülər. Müdafiə xərclərini minimuma endirmişdilər. Ancaq Ukrayna müharibəsinin hazırkı vəziyyəti Avropa ölkələrini yenidən düşünməyə vadar edir. Ölkələr artıq öz təhlükəsizliklərini düşünməyə başlayıb.
Çexiya və Almaniyanın narahatlığı başa düşüləndir. Çünki şəxsi heyətinin sayına görə Ukrayna ordusu Avropanın ikincisi idi. Qərb ölkələrindən gələn muzdlular və silah-sursat Ukraynanın gücünə güc qatsa da, Rusiya toparlana bildi. Rusiya yarımcan silah sənayesini elə bir həddə gətirib ki, artıq bir ilə istehsal etdikləri silahları, indi bir aya istehsal edirlər.
Bundan əlavə, ilk dövrlərdən fərqli olaraq nizam-intizam məsələsində ciddi irəliləyiş var. Ukraynalılar da etiraf edir ki, ilk vaxtlardakı tökülüb-itən Rusiya ordusundan əsər-əlamət qalmayıb. Bura Azərbaycandır axı. Bir çoxları dərhal deyəcəklər ki, rusun “adam”ını tapıblar…
Rusiya-Ukrayna müharibəsinin ilk 166 gününü hərbi ekspert Elxan Şıxəliyevlə təhlil etmişik. Həmin vaxt Rusiya ordusunun necə tökülüb-itdiyini qeyd etmişik. O vaxtın reallığı o idi, indinin reallığı isə bu. İsrail-HƏMAS toqquşması da bir çox mətləbə aydınlıq gətirdi. Ən azı ABŞ üçün öncülük İsrail yoxsa, Ukrayna, yaxud Avropanın təhlükəsizliyi olduğuna aydınlıq gətirildi.
Faktiki olaraq Ukraynanın bölüşdürülməsi, yaxud məğlubiyyətə hazırlanması yönündə işlər aparılır. İlk günlər Ukrayna üçün səfərbər olan Qərb mediası indi başqa hava çalır. Avropa ölkələri indi anlamağa başladılar ki, hər şeyi özləri etməlidirlər. Rusiya əgər Ukraynada istədiyinə nail olsa, heç kim qarantiya verə bilməz ki, növbəti hədəf Polşa olmayacaq.
Bunu Polşa da bilir. Ona görə də, qoşunlarının sayını 10 min artıraraq, Rusiya sərhədinə yerləşdirib. Düzdür, Yaxın Şərqdə alovlanan münaqişələrə görə Dünya müharibəsinin başlayacağını iddia edirlər. Məncə, ehtimal olunan Üçüncü Dünya müharibəsi Avropadan başlamasa da, Avropanı cənginə alacaq.
Bütün bunların fonunda Cənubi Qafqazda müsbət proseslər yaşanır. Azərbaycanın təkidi ilə, sanki Ermənistanın da nələrisə anlaması ilə vasitəçisiz danışıqlar baş tuta bilər. Tərəflərin əsir mübadiləsi də müsbətə doğru atılmış bir addımdır. Burada sual yaradan tək şey var. Rusiya, Avropa İttifaqı və ABŞ tərəflərin öz aralarında razılaşmasına imkan verəcək?
Hətta tərəflər ordularını da şərti sərhəddən geri çəkmək niyyətindədir. Bu o deməkdir ki, tərəflər münasibətləri gərginləşdirmək niyyətində deyil. Sərhəddə hər iki tərəfdən məhz sərhəd qoşunlarının xidmətə başlaması da müsbətə doğru atılmış daha bir addım olardı. Cənubi Qafqazda müsbət auranın yaranması yaxşı hal sayılsa da, bunun davamlı olması suallar yaradır.
Bunun davamlı olması üçün tərəflərin liderlərindən də çox şey asılıdır. Ancaq regionun komunikasiyalar baxımından önəmi, bunun o qədər də asan olmayacağı qənaətini yaradır. Dünya sanki yenidən bölüşdürülməsi, siyasi xəritələrin dəyişdirilməsi mərhələsindədir. Atəşkəslər bunu yalnız ləngidə bilər, prosesin qarşısını almaq mümkünsüzdür…
Səxavət Məmməd
www.yenicag.az