“Xüsusi, spesifik mövzulara aid layihələrdə aparıcı faktoru çox önəmlidir”.
Bu sözləri tanınmış aparıcı Fəxriyyə Lilpar Yenicag.az-a açıqlamasında deyib.
O, aparıcıların efir mədəniyyətinə zidd olan hərəkətləri barədə fikirlərini bölüşüb:
“Təəssüflə qeyd edirəm ki, bu gün bizim müasir dövr televiziya ənənəsi komediya janrı üzərində qurulur və bu da çox böyük üstünlük təşkil edir. Burada da aktyorla aparıcı tandemi pozulur. Aktyorlar aparıcılıq edir. Bunun da oxşar və fərqli psixoloji məqamları var.
Oxşar cəhət budurki, hər iki fiqur tamaşaçıya xitab edir. Aktyor obrazlı, aparıcı isə bəlağətli akademikdir. Fərq isə ondadır ki, aparıcı qonağı efirə çağıranda, “buyurun əyləşin”, aktyorsa “gəlin, oturun”, – deyəcək. Nəticə etibarilə, fərqli formada eyni şey təqdim olunur.
Bəzən aparıcılar tamaşaçıya xitabən “dostlar” deyə müraciət edir. 70 yaşlı professorla, 17 yaşlı məktəbli necə onun dostu ola bilər? Ümumiyyətlə, “dostlar” hansı isti münasibətin nümunəsidir ki, birbaşa müraciət olunur?”
Aparıcı “tamaşaçı zövqü” anlayışına yanaşmadan da danışıb:
“Televiziyaların “tamaşaçı zövqü” arqumenti əsassızdır. Bütün dünya ölkələri bir neçə lisenziyalı layihələri alır və həyata keçirir. Amma hər bir layihə ölkənin tamaşaçısı və bu tamaşaçının da mental xüsusiyyətlərinə görə uğurlu, yaxud uğursuz ola bilir.
Məsələn, illər öncə bir sıra özəl kanallarda ailə yarışmaları, evlənmə proqramları təqdim olundu. Onunla bərabər, həm də bəzi sosial yardım layihələri yayımlandı. Bizim ölkə tamaşaçısı, yəni xalq bu yarışmaları və efirdə evlənmələri həzm etmədi, özününküləşdirib təkamül məcrasına keçirə bilmədi.
Amma bu layihələr Türkiyə kanallarında hələ də yayımlanır. Bizdə isə sosial yardım layihələri impulsiv olaraq, sürətlə qəbul edildi və hətta ölkənin bir çox kanallarında yayımlanmağa başladı. Niyə? Çünki biz xalq olaraq yardımlaşmağa, ağlayanın yanında olmağa meylliyik.
Digər layihələr isə təbii yolla özləri çıxdaş oldu. Xüsusi, spesifik mövzulara aid layihələrdə aparıcı faktoru da çox önəmlidir. Düşünürəm ki, aparıcı üçün yaş və gözəllik meyarları olmamalıdır.
Dünya təcrübəsinə baxsaq, Rusiya, Türkiyə, Böyük Britaniya kimi ölkələrdə ən sanballı və baxımlı verilişlərin aparıcıları yaşlı nəslin nümayəndələridir. Bu seçim tamaşaçıda təqdim olunan mövzuya inam yaradır. Eyni zamanda, aparıcının da təcrübəsi və tamaşaçı ilə zaman etibarilə, eyni dildə danışması layihəni uğurlu və baxımlı edər”.
Cəvahir
www.yenicag.az