Elnarə Akimova şəhid Elmar Nəsibovun anasını ziyarət etdi
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Müəllimlər Günü münasibətilə şəhid gizir Elmar Nəsibovun anası, uzun illər riyaziyyat müəllimi kimi fəaliyyət göstərmiş Sürəyya Nəsibovanı ziyarət edib.
Yenicag.az xəbər verir ki, görüş zamanı Elnarə Akimova Sürəyya ananı Müəllimlər Günü münasibətilə təbrik edib, onun həyat yoluna, müəllimlik fəaliyyətinə və şəhid oğlu ilə bağlı xatirələrinə hörmətlə yanaşdığını bildirib. Deputat qeyd edib ki, Vətən uğrunda canından keçən övladların anaları xalqımızın mənəvi dayağı, dövlətimizin mənəvi rəmzləridir.
“Gözünün ağı-qarası olan bircə oğlunu Vətən yolunda itirən Sürəyya ananın qəlbinə az da olsa təsəlli ola bildimsə, nə xoş mənə. Bu torpaq uğrunda can verən hər bir şəhidin ailəsi bizim üçün əzizdir. Onlardan geriyə qalan hər bir ana, hər bir ailə dövlətimizin, millətimizin əmanətidir,” – deyə Elnarə Akimova vurğulayıb.
Söhbət zamanı Sürəyya ana şəhid oğlu Elmar Nəsibovun döyüş yolundan danışıb. Onun sözlərinə görə, Elmar “şahin gözlü” ləqəbi ilə tanınan peşəkar snayper və kəşfiyyatçı olub, 2020-ci il oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Ana həmçinin bildirib ki, övladının xatirəsini yaşatmaq onun üçün həm qürur, həm də həyatın mənasıdır:
“Oğlumun şəkilləri ilə bəzədiyim bu otaqda onun xatirələrinə sığınıb yaşayıram. Hər baxdığım şəkil mənimlə danışır, sanki ‘ana, mən burdayam’ deyir.”
Deputat görüşün sonunda qeyd edib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu istiqamətdə aparılan işlər daim davam etdiriləcək:
“Biz şəhidlərimizin adını uca tutmaqla, onların ruhuna sayğı göstərməklə həm də gələcək nəsillərə vətənpərvərlik nümunəsi göstəririk.”
Sonda Elnarə Akimova Sürəyya anaya səmimi söhbət və qəbul üçün təşəkkür edib, ona möhkəm can sağlığı və mənəvi güc arzulayıb.